Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Alaçadırlı kəndində fəaliyyət göstərən fiziki şəxs Sadıqov Vüqar Ənvər oğluna məxsus qənd sexində reyd keçirib.
AQTA-dan Yenicag.az-a verilən məlumata görə, reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin kobud şəkildə pozulduğu aşkarlanıb.
Müəssisədə xammal və hazır məhsulların düzgün şəkildə saxlanılmadığı, müvafiq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub. Eləcə də istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlərin mövcud olmadığı müəyyən olunub.
Yoxlama zamanı sexdə istehsal edilən qənddən nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun (AQTİ) müvafiq laboratoriyalarına göndərilib.
Aşkar olunmuş faktlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ən sərt tədbirlər həyata keçirəcək.
www.yenicag.az