“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı oldu - FOTO

media-hightechnic-468x90

Biləsuvarda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub.

Yenicag.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib. Sonra Qərbi Azərbaycan tarixinə, mədəniyyətinə, Qərbi Azərbaycanlıların məruz qaldığı tarixi ədalətsizliyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonaqları salamlayaraq bildirib ki, Ermənistan tərəfindən zaman-zaman Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı həyata keçirilən cinayətlər və deportasiyalar nəticəsində yüz minlərlə qardaş-bacılarımız öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb, onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.

Bu gün dövlət başçımızın həyata keçirdiyi prioritet məsələlərdən olan Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına geriyə qayıtmalarıdır.

İcra başçısı bildirib ki, “Qərbi Azərbaycan İrsi” kitabının nəşri və kitabda ortaya qoyulan ciddi araşdırmalar bir daha bütün dünyaya sübut edir ki, hazırkı Ermənistan ərazilərinin tarixi sakinləri azərbaycanlılardır.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova, Rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov və digərləri qeyd ediblər ki, Ermənistan tərəfindən yüz illərdir həyata keçirilən soyqırımlar, soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiyası, azərbaycanlıların məscidləri, qəbiristanlıqları və digər mədəni irs obyektləri məqsədli şəkildə dağıdılıb. Bu isə beynəlxalq hüququn, o cümlədən Cenevrə və UNESCO konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Kitabda 1991-ci ilə qədər Ermənistanda mövcud olmuş 700-dən çox qəbiristanlıqdan 201-nin əvvəlki və hazırkı vəziyyəti təqdim edilir. Tədqiqat zamanı müxtəlif ölkələrin arxiv və kitabxanalarından toplanan xəritələr, peyk görüntüləri, deportasiya olunmuş şəxslərin xatirələri və digər mənbələrdən istifadə olunub. Multispektral analizlər vasitəsilə torpaq istifadəsi və landşaft dəyişiklikləri müəyyən edilib.

Qeyd olunub ki, nəşr, Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycanla bağlı aparılan fundamental araşdırmaların ilk mərhələsidir. Məqsəd – zorla köçürülmüş azərbaycanlıların tarixi, hüquqları və irsinin bərpasına dair beynəlxalq ictimaiyyətə faktlarla əsaslanan sənədli təqdimatdır.
Sonda Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov tərəfindən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova və rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinə “Qərbi Azərbaycan İrsi” kitabının I cildi hədiyyə olunub.

“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı oldu - FOTO
“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı oldu - FOTO
“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı oldu - FOTO

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600