Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasından sonra baş verənlər ölkədə vətəndaş qarşıdurmasına və ictimai-siyasi böhrana səbəb olub.
Çünki yeni qanuna əsasən, Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT-lər) və müstəqil media maliyyə vəsaitlərinin 20 faizdən çoxunu xarici donorlardan aldıqları halda, “xarici gücün maraqlarını daşıyan” təşkilat kimi qeydiyyatdan keçməlidir.
Bu qanuna qarşı təkcə xaricdən maliyyələşən təşkilatlar deyil, daha çox Qərb donorları çıxış edirlər. Bu gün Gürcüstanda ABŞ və Avropa ölkələri qrantlar və maliyyə yardımları vasitəsilə QHT-lərə, müxalifət partiyalarına dəstək verməklə ölkədə öz maraqlarını təmin etməyə çalışır. Bu yolla ölkənin daxili işlərinə müdaxilə edib onun yürütdüyü siyasətə təsir edirlər.
Bir sözlə, Qərb ənənəvi hibrid müharibələr yolu ilə istədiyi ölkədə siyasi böhran yaratmaq niyyətinə nail olmaq istəyir. Artıq bəzi Avropa ölkələri rəsmi şəkildə aksiya iştirakçılarının tələblərini dəstəkləmək barədə bəyanatlar da veriblər. Başda ABŞ olmaqla, Avropa İttifaqı da Tbilisiyə qarşı mövqeyini getdikcə sərtləşdirməkdədir. Məqsəd isə Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə Cənubi Qafqazda mövqeyini möhkəmləndirib maraqlarını təmin etməkdir.
Amma Gürcüstan hakimiyyəti mövqeyində israrlı olduqca Qərbdən Tbilisiyə qarşı həm diplomatik vasitələrlə, həm də daxildə etiraz aksiyaları yolu ilə siyasi böhranı dərinləşdirməklə ölkədə böhrana nail olmağa çalışırlar. Hətta məqsədlərinə nail olmaq üçün vətəndaş qarşıdurmasının və ya toqquşmasının yaradılmasından belə çəkinmirlər. Bir çox hallarda aksiya iştirakçılarını buna sövq də edirlər. Proses getdikcə daha təhlükəli hal almaqdadır. Bu, ölkədə xaosa səbəb ola bilər. Artıq ölkədə hakimiyyət böhranı yaşanması müşahidə edilməkdədir. Belə ki, hakimiyyətin qolları arasında ciddi konfrantasiya yaranıb. Özünü Qərbin təmsilçisi elan edən prezident Salomi Zurabişvili bəyan edib ki, qanun parlamentdə qəbul edilsə belə, o, qanunun qüvvəyə minməsinə veto qoyacaq.
Digər ciddi məqam isə ondan ibarətdir ki, payızda ölkədə seçkilər keçiriləcək. Bu isə o deməkdir ki, Gürcüstanda bu siyasi böhran uzun müddət davam edəcək. Bundan da qazanan tərəf Gürcüstan olmayacaq, daha çox itirən ölkə olacaq. Ölkə siyasi böhran və xaosda daha da zəifləyəcək.
Bölgədə baş verən proseslər fonunda biz bir daha Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin nəticəsində Azərbaycanın sabit bir ada olduğunu görə bilərik. Çünki zamanında da xarici qüvvələrə Azərbaycanı da “oyuncaq” bir ölkəyə çevirmək, zəiflətmək və istədikləri zaman siyasətlərini diqtə etmək üçün bir çox cəhdlərdə bulundular. Hətta vətəndaş cəmiyyətinin ələ alınması və onların vasitəsilə hakimiyyət çevrilişi planını gerçəkləşdirməyə çalışdılar. Ancaq Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bütün bu cəhdlərin qarşısı alındı. Ölkə başçısının yürütdüyü uğurlu siyasət və vaxtında düzgün qərarlar qəbul olunması ilə ölkə kənar dağıdıcı təsirlərdən xilas oldu. Azərbaycan kənar təsirlərin qarşısını almaq üçün həm qanunvericlik bazasının təkmilləşdirilməsi, həm də digər proflatik addımlarla bu gərəksiz müdaxilələrin qarşısını aldı.
Bu kontekstdə 2014-cü ildə qanunvericilik bazasına qeyri-hökumət təşkilatların, siyasi qüvvələrin xaricdən maliyyələşdirilməsinin qarşısını almaqla bağlı ciddi dəyişikliklər edildi. İstər QHT, istər siyasi qüvvələrin maliyyələşdirilməsində şəffalığın təmin edilməsi istiqamətində ciddi adımlar atıldı.
Buna baxmayaraq, Qərb ölkələri ən müxtəlif yollardan istifadə etməklə ölkədə öz əlaltıları vasitəsi ilə ictimai-siyasi prosesləri başqa səmtə yönəltmək istiqamətində cəhdlərə əl atıb. Lakin bunların da qarşısı qətiyyətlə alınıb. Elə son aylarda bu istiqamətdə ciddi addımlar da atılıb.
Biz bu kontekstdə “Abzas media”, “Toplum TV”, Anar Məmmədlinin və digərlərinin qanunsuz, antimilli fəaliyyətinin ifşa olunmasını misal çəkə bilərik.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan etibarlı əllərdədir və heç bir qüvvəyə və ya ölkəyə sabitliyi pozmağa, daxili işlərinə müdaxiləsinə imkan verilməyəcək.
Nəsimi Ələsgərli
www.yenicag.az