“Qarabağdakı separatçı rejimin məhv edilməsindən sonra kimlərinsə belə bir xülyaya qapılacağı təsəvvürə gəlmir”.
Bu fikirləri Qərbin bir sıra media orqanlarında Azərbaycanda etnik zəmində qarşıdurma yaratmağa hesablanmış təxribatçı materialların yayımını intensivləşdirməsinə münasibbət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycanın öz ərazisində separatizmin kökünü birdəfəlik kəsməsi və “erməni amili”ni sıradan çıxarması Qərbin planlarını pozub:
“Həqiqətən də, Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı rejimin ortadan qaldırılmasına Qərbin siyasi institutlarının və mediasının yanaşmasında qabarıq görünən tendensiyalı yanaşma davam etməkdədir.
Onlar öncə Azərbaycanın guya Qarabağda “etnik təmizləmə” siyasəti həyata keçirdiyini iddia edirdilər. Ancaq ermənilərin onlara verilən təminatlara baxmayaraq, Qarabağı könüllü tərk etmələrinin əksini isbatlaya bilməyən həmin quruluşlar “val”ı dəyişməyə başlayıblar.
İndi də bu iddianı ortaya atıblar ki, Azərbaycanda etnik zəmində qarşıdurma kəskinləşir” və bu da yeni münaqişənin yaranması ilə nəticələnə bilər. Bu onun göstəricisidir ki, Qərb “erməni kartı”nın vurulmasından sonra Azərbaycana təzyiqləri o müstəvidə davam etdirməyi düşünür.
Əlbəttə, bu iddialar o qədər əsassızdır ki, onlara reaksiya verməmək də olar. Lakin mütləq qeyd olunmalıdır ki, Azərbaycanda daxili milli həmrəylik özünün ən yüksək səviyyəsindədir və xalqı təşkil edən bütün etnoslar arasında sarsılmaz birlik var. Artıq heç bir kənar güc o birliyi poza bilməz. Digər tərəfdən, Azərbaycanın Qarabağdakı separatçı rejimi məhv etməsindən sonra kimlərinsə belə bir xülyaya qapılacağı təsəvvürə gəlmir”.
A.Zeynalov
www.yenicag.az