Qətər ərəb ölkələrinin blokadası fonunda, ölkənin süd məhsullarına olan tələbatını ödəmək üçün Almaniyadan inəklərin ilk partiyası gətirilib.
Yenicag.az xarici mətbuata istinadən bildirir ki, bu ölkəyə Qatar Airways vasitəsilə 165 inək gətirilib.
Beləliklə Qətər ərəb ölkələrindən ixrac edilən südün həcmini əhəmiyyətli dərəcədə azaldacaq.
Ümumilikdə Qətər xaricdən 4 min inək almağı planlaşdırır ki, onların hər birinin çəkisi 600 kiloqramdır. İnəklərin gətirilməsi üçün 60 aviareys nəzərdə tutulur.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.
İyunun 23-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürdülər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və “Əl-Cəzirə” peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adı çəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.
www.yenicag.az