“Kor-koranə şəkildə istifadə olunan qida əlavələri hətta ölümə qədər gətirib çıxara bilər”.
Bu fikirləri qida əlavələrinin qəbulunun orqanizmə təsiri barədə danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, xroniki xəstəliyi olan insanlar mütləq qida əlavələrini qəbul edərkən həkimlə məsləhətləşməlidirlər:
“Bəzi vitaminlər, balıq yağları, minerallar, züllallar şəklində olan qida əlavələri satılır ki, bunlar müasir qidaların tərkibinin pozulması ilə yanaşı ortaya çıxır. Belə olan halda, kor-koranə şəkildə istifadə olunan qida əlavələri hətta ölümə qədər gətirib çıxara bilər. Çünki hər hansı bir qida əlavəsi bəzən yan təsiri olmasa, yaxud hər hansı təhlükəli xəstəlik yaratmasa da, hansı məqsədlə içilirsə, həmin funksiyanı yerinə yetirməyə də bilər.
Bəzən elə olur ki, həmin qida əlavəsi tanınmış marka olmur, hər hansı bir ədviyyatdan, yaxud neytral şəkilli qida məhsulundan istifadə edərək kapsullar şəklində hazırlanıb biznes maraqları çərçivəsində satılır. Əgər hər hansı vitamin və ya mineral çatışmazlığı üçün bu məhsul qəbul olunursa, heç bir fayda əldə edilməyəcək.
Həmin qida əlavələrini qəbul edərkən bir çeşiddən artıq qəbul olunmamalıdır. Bəzən insanlar bir neçə çeşidi kompleks müalicə məqsədi ilə qarışdırırlar. Nəzərə almaq lazımdır ki, həmin qida əlavələri hazırlanarkən uzun müddət qalması üçün müəyyən kimyəvi qatqı maddələri istifadə olunur. Bu da gün ərzində normadan artıq qəbul etdikdə zəhərlənmə və ürək qan-damar sistemində problemlərə gətirib çıxarır. Mütləq şəkildə buna da diqqət yetirmək lazımdır.
Bu məhsulların tərkibinə baxanda bəzən üzərində təbii olduğunun qeyd edildiyinin şahidi oluruq. Ancaq bu onun təbii olması demək deyil. Müəyyən emal prosesi görmüş hər hansı məhsul öz təbiiliyini itirir və tərkibini dəyişir. Bitki tərkibli qida əlavələri qəbul edərkən diqqətli olmaq lazımdır. Hər bir bitki tərkibli qida əlavəsinin də yan təsirləri var. Xroniki xəstəliyi olan insanlar mütləq bu kimi qida əlavələrini qəbul edərkən həkimlə məsləhətləşməlidirlər. Bu məhsulları alarkən əsas diqqət edilməli məqam, ilk növbədə, istehsalçı şirkətin tanınmış olması, markanın üzərində istehsal olunan yerin adresinin olmasıdır. Həmçinin tərkibi tam şəkildə yazılmalı, keyfiyyət sertifikatı olmalı, istehsal tarixi yeni olmalıdır. Bəzən “yararlılıq tarixinə az qalsa da, istifadə oluna bilər” kimi fikirlər də olur. Lakin bu belə deyil. Çünki istifadə olunan kimyəvi qatqı maddələri bu zaman orqanizmdə həzm sisteminin pozulması, bağırsaqların mikroflorasının dəyişməsinə gətirib çıxara bilər”.
İsmayıl Bakuvi
www.yenicag.az