“Əsli və Kərəm” YENİ TƏQDİMATDA: “Ondan bu performansı gözləyirdim” - FOTOLAR
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Opera studiyasında “Əsli və Kərəm” operası təqdim olunub.
Baş rolda çıxış edən Əməkdar artist, tanınmış muğam ifaçısı Elnur Zeynalov təəssüratlarını Yenicag.az-la bölüşüb:
“Tamaşa yüksək səviyyədə keçdi. Yeni tərəf müqabilim Gülzar ilk dəfə dəfə idi, Əsli rolunu ifa edirdi. Çox yüksək səviyyədə çıxış etdi. Tərəf müqabili olaraq ondan bu performansı gözləyirdim, amma gözəl ifası ilə məni, həqiqətən də, təəccübləndirdi. İstər ifası, istərsə də səhnə performansı yüksək səviyyədə idi. Baş rejissorumuz Hafiz Quliyevin əziyyətini xüsusilə qeyd etmək istəyirəm. Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov özü dünyaşöhrətli ifaçııdır, musiqiçi olaraq hər birimizi yaxşı anlayır. Hər birimizlə ayrılıqda danışır, öz məsləhətlərini verir. Elə bunun nəticəsidir ki, dünən tamaşamız çox böyük maraqla qarşılandı, anşlaqla keçdi”.
Qeyd edək ki, tamaşada Əsli rolunda ilk dəfə Opera və Balet Teatrının gənc solisti Gülzar Fərəcova çıxış edib. Kərəm rolunda onun tərəf müqabili Əməkdar artist Elnur Zeynalov olub. Həmçinin operada Taleh Yahyayev (Keşiş), Əməkdar artist İlkin Əhmədov (Şah), Mütəllim Dəmirov (Şeyx), Nəzər Bəylərov və digərləri çıxış edib. Solistləri tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.
Dövlət Akademik Opera və Balet Teatrında 2011-ci ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən səhnələşdirilən operanın musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xoreoqrafı Xalq artisti Mədinə Əliyevadır.
Cəvahir












