Qırğızıstanda növbədənkənar seçkilərin keçirilməsi barədə müraciəti imzalayanlar saxlanılıb
Qırğızıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə müraciəti imzalayan üç nəfər saxlanılıb.
Yenicag.az Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Onlar kütləvi iğtişaşların təşkilində şübhəli bilinir.
“Bu gün istintaq çərçivəsində 75 vətəndaş DİN-in İstintaq Xidmətinə gətirilib. Cinayətin təşəbbüskarları və fəal iştirakçıları kimi 1955-ci il təvəllüdlü T. B., 1955-ci il təvəllüdlü U. E. və 1960-cı il təvəllüdlü D. K. vətəndaşları müəyyən edilib. Onlar müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər”, – məlumatda bildirilib.
Şübhəlilərin evlərində axtarışlar aparılıb. İstintaq davam edir.
DİN xatırladıb ki, fevralın 9-da internet mənbələrində və KİV-lərdə 75 vətəndaşın Sadır Japarova və Joqorku Keneşin sədri Nurlanbek Turqunbekə dərhal yeni prezident seçkilərinin təyin edilməsi tələbi ilə müraciət göndərdiyi barədə məlumat yayılıb. Müraciəti alimlər, keçmiş baş nazirlər, eks-deputatlar və ictimai xadimlər imzalayıb.
Qırğızıstan Cinayət Məcəlləsinin 278-ci maddəsi (“Kütləvi iğtişaşlar”) ilə cinayət işi başlanıb./Report













