Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qız qaçırma, erkən nikah, beşikkəsdi... - Zilanı kürdlərinin toy adətləri - III yazı

Ötən dəfə “Qaraçılar uşaqlarını oğurlayacaq” – Zilanı məhəlləsində gördüklərimiz – II Reportaj” adlı yazıda Zilan kürdlərinin toy adətlərindən bəhs edəcəyimizi bildirmişdik.

Hər bir xalqın özünəməxsus adət-ənənələri var. Zilan kürdləri uzun müddətdir Yevlaxda yaşasalar da, öz toy adətlərini qoruyub saxlayıblar.

Yevlaxda olarkən rayon camaatı öncədən bizə bildirdi ki, kürdlərdən ən çox toy-adətlərini soruşun. Çünki onların toyları çox maraqlı və fərqli keçir. Yevlax camaatının sözlərinə görə, onlar kürdlərin toylarını sanki teatra, kinoya baxarmış kimi izləyirlər.

Zilan kürdlərinin arasında olan zaman ən çox diqqət çəkən məsələlərdən biri də küçədə qızlara rast gəlinməməsi oldu.

Söhbət zamanı məlum olur ki, 13-14 yaşdan sonra qızlara həyətdən kənara çıxmağa icazə vermirlər. Qızlara yemək bişirmək, ev yığışdırmaq öyrədilir. Onları demək olar ki, gələcək evlilik, ailə həyatı üçün hazırlayırlar.

10 yaşlarında bir qızdan arzun nədir soruşuruq, cavabı belə olur “bilmirəm”. Başqa bir uşaq isə özündən böyük bacısı kimi olmağı arzulayır. “Özündən böyük bacında nələr görmüsən ki, onun kimi olmaq istəyirsən” sualına isə cavab belə olur:

“Bacım çox gözəl oynayır, yeməklər bişirir, ailə həyatı qurandan sonra ticarətlə məşğul olur”.

Qız qaçırma

Qız qaçırma adəti Zilan kürdləri arasında hələ də dəbdə olan bir məsələdir. Yaşlılar özləri də etiraf edir ki, ailələrin böyük əksəriyyəti qız qaçırma yolu ilə qorulub.

Hicran adlı xanım deyir ki, bizdə kənara qız vermə adəti olmayıb, hələ də yoxdur:

“Öz millətimizdən başqa millətə elçiliklə qız vermirik. Bu heç vaxt da olmayıb. Əgər bizdən olan qız başqa millətə ərə getmək istəyərsə, qoşulub qaçır. Sonra isə barışıq olur”.

Zilan kürdləri ilə söhbət zamanı məlum olur ki, çox az sayda qızları digər millətə ərə gedib. Zilan kürdləri arasında kənardan qız almaq halları isə mövcuddur.

Ağsaqqallardan biri deyir ki, kənardan qız almağa məcburdurlar. Çünki Zilan kürdləri arasında oğlan uşaqları daha çoxluq təşkil edir.

Göbəkkəsdi

Burada göbəkkəsdi adəti də qalmaqdadır. Ağsaqqallar bildirir ki, qız uşağı dünyaya gələndə kimsə o qızı gələcəkdə oğluna alacağını bildirir və bu söz heç cür pozula bilməz:
“Əgər beşikkəsdi olubsa, buna əməl olunmalıdır. Oğlan tərəfi bunu heç cür poza bilməz. Əgər pozarsa, bu, heç də yaxşı bitməz. Buna görə davalar, qanlar tökülüb. Ancaq qız tərəfi bu sözü pozarsa, heç bir problem yaşanmaz”.

Ümumiyyətlə, Yevlaxda yaşayan Zilan kürdləri arasında erkən nikah halları çox yayılıb. 39 yaşlı biri nəvəsinin olduğunu deyir. Çoxuşaqlılıq isə hər ailəyə məxsusdur.

Zilan kürdlərinin toyu barəsində isə Yevlaxda hər kəsdən soruşmaq mümkündür. Çünki onların toyları fərqli və çox təmtərahlı olur. Toyda iki cür musiqiçi iştirak edir. Biri Gəncə şəhərində yaşayan kürd musiqi qrupu, digəri isə Azərbaycan mahnılarını ifa edənlər. Toylarda durmadan bir neçə saat yallı rəqsi oynanılır.

Özləri də deyir ki, onların rəqsi məhz yallıdır:
“Bizdə toylarda saatlarla yallı oynalılır. Yallılar isə müxtəlif cürdür. Ona görə də, başqa musiqiçilər dəvət edirik. Yevlax camaatı həmişə bizim toylara tamaşaya baxan kimi baxıblar”.

Toylarda “nəmər”, yəni, “pul salma”dan əlavə qız anasının hədiyyə yığma mərasimi də olur. Belə ki, gəlinin anası stollara yaxınlaşıb, hədiyyələri qəbul edir. Hədiyyələr isə müxtəlif məbləğlərdə pul olur. Toyun sonlarına yaxın bəylə gəlin üçün də hədiyyə mərasimi keçirilir. Qohumlar bir-bir dəvət edilir. Toya pul yazdırmaqdan əlavə, qohumlar qızıl zinət əşyaları, müxtəlif məbləğdə pul hədiyyəsi edirlər. Ancaq bu pullar bəylə gəlinə yox, qız toyunda qız evinə, oğlan toyunda isə oğlan evin çatır.

Kirvəlik

Zilan kürdlərində kirvəlik son dərəcə önəmli bir adətdir. Kirvələr biri-birindən qız alıb, qız verə bilməzlər. Zakir bildirir ki, kirvə olmaq çox məsuliyyətlidir:

“Kirvə oldunsa, qan qohumu olmuş kimisən. Artıq kirvə olduğun ailədən qız ala bilməzsən. Ona görə də, kirvəlikdə siyasət işlədib, elə ailələr seçilir ki, sonra bu cür problemlə üzləşməyəsən. Öz millətimizdən başqa yerli camatla da kirvəlik edirik. Kirvəlik bizdə ağır qohumluqdur”.

Son dönəmlər toy adətləri artıq sıradan çıxmağa balayır. Bunu Zilan kürdlərinin ağsaqqalları deyirlər. Buna səbəb kimi isə radikal dindarlığın geniş yayılmasını əsas gətirirlər.

Cəfər adlı ağsaqqal deyir ki, artıq iki cür toy etməyə məcburuq:

“Dindar olanlar adətimizlə olan toylara gəlmirlər. Radikal dindarların sayının artması toylarımızın əvvəlki kimi keçməsinə də mane olur. Artıq toya az adam gəlir. Ona görə də, iki toy etməyə məcbur oluruq. Toydan bir həftə əvvəl dindarlar üçün dini toy edilir. Sonra isə digəri. Din buranı demək olar ki, dəyişib. Neçələri ailəsi ilə Suriyada gedib öldü. Getməyənlər də adət ənənəmizdən daha çox dini ayinləri icra edirlər. Bir müddət sonra adət-ənənəmiz tamamilə məhv olacaq”.

Radikal dindarlıq sanki adət-ənənələrə düşmən kəsilib.

Növbəti yazıda Zilan kürdlərinin sosial durumundan bəhs edəcəyik.

Səxavət Məmməd

www.yenicag.az

3828
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS