Qızıl üzükdə “NFC” çipi quraşdırılıb
Yaponiyanın “TSLJ” zərgərlik məmulatları istehsalçısı brilyant qaşlarla bəzədilmiş və “NFC” çipinin quraşdırıldığı qızıl üzük təqdim edib.
Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat verib. Məlumatda bildirilir ki, “TSLJ” şirkəti (brend Core Jewels) növbəti həftə kontaktsız məlumat mübadiləsi texnologiyası olan “Near Field Communication” (NFC) quraşdırılan ilk daş-qaşlı “One” üzüyü üçün sifarişlərin qəbuluna başlayacaq.
Qurğunun qiyməti 390 min yen (3670 dollar) təşkil edir. Üzük “Bulud” servislərində şifrlənmiş məlumatlara – məsələn, şəkillərə və videolara daxil olmaq üçün parol əvəzinə istifadə edilə bilər. Bundan başqa, üzükdən “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularda mühafizə edilən məlumatlara çıxış üçün də istifadə etmək mümkündür.
Satışa dekabrın 10-da çıxarılması gözlənilən üzükdən hələlik elektron ödənişlərin həyata keçirilməsi və ya smartfonun blokdan çıxarılması üçün istifadə qeyri-mümkün olsa da, istehsalçı gələcəkdə ona bu imkanların əlavə edilməsi barədə düşünür.
Məlumatda bildirilir ki, “NFC” 10 santimetrə yaxın məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən kiçik təsir radiuslu yüksəktezlikli simsiz rabitə sistemidir. Bu texnologiya ilə təchiz olunmuş qurğuların köməyi ilə istifadəçilər kontaktsız üsulla ödəniş edə (mal və ya xidmətlər, nəqliyyatda gediş haqqı və s.), eləcə də müxtəlif mallar haqqında məlumat ala bilərlər. (azertag.az)