İranlı Şahzad Bəşir adlı tədqiqatçı 2013-cü ildə “Şah İsmayıl və Qızılbaşlar: Səfəvi dövlətinin dini tarixində hannibalizm” adlı məqalə dərc edir. Müəllif əlində istinadı düz olmayan bir neçə mənbə adı çəkərək iddia edir ki, Səfəvi ordusunda olan Türkmən əsgərləri adam əti yeyiblər.
Osmanlı və fars (tacik) mənbələri uzun illərdir Azərbaycan tarix elmində hökmranlıq edirlər. Onlarla yanaşı, Rusiya tarixçilərinin əsərləri də üçü bir yerdə hər kəsin inandığı bir qaynaq olaraq istifadə edilir. Bu barədə dəfələrlə yazmışam. Bu üç ölkənin səlnaməçiləri Azərbaycan tarixinə qarşı kifayət qədər düşməncəsinə yanaşırlar. Dəqiq və səhih istinad bu günə qədər onların əksər əsərlərində rast gəlməmişəm. Sanki havadan əldə edilən məlumatlar onların “kitablarında” qaynaq rolu oynayıb. Xüsusilə də Qızılbaşiyə-Səfəvi dövrünə qarşı onların nifrəti hiss edilir və bu nifrət yalançı mənbələrlə kitablarda yazılır. Bu günə qədər onların “tarixçiləri” əllərində heç bir qaynaq, mənbə və əlyazma olmadan bir “fakt” tutub qışqırırlar, “Səvəfi-qızılbaş əsgərləri adam əti yeyib”.
İranlı müəllif məqaləsində yazır ki, guya Şah İsmayılın adam əti yeyən dəstələri olub. İstinad kimi də İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunan “Dünyanı bəzəyən Abbasın tarixi: Tarixe-aləmaraye-Abbasi ” və Şərəf xanın “Şərəfnamə” kitablarını göstərirlər. Kitabın müəllifi olan İsgəndər bəy 87-ci səhifəsində Şah İsmayılın əmri üzərinə adam əti yeyən dəstələrin olduğunu Səfəvi tarixçilər özləri yazmışlar deyə, iddia irəli sürür.
“Çegin” adında adamyeyən dəstələr guya sünnilərin öncə qulaqlarını, sonra burunlarını, daha sonra bədənlərinin başqa yerlərini yeyirdilər.
Birinci İsgəndər bəy Münşi bu barədə Qəzvininin 1555-ci ildə yazdığı “Lobb əl-Təvarix” əsərindən götürüb. Bu kitabı istinad kimi götürənlər əvvəlcə Qəzvininin kitabının orjinal variantını oxusunlar. Orda səfəvilər “adam əti yeyir” fikirinin qaynağın görsünlər! Varmı? O kitabı yazan hansısa qaynağa və o dövrün şahidinə istinad edirmi? Yox! Bəs Münşi bunu niyə belə yazsın? Çünki Münşi şiə məzhəbinə nifrət edirdi və ona görə də özünə uyğun cümlələri yazıb. Hər bir halda, bu müəlliflər heç biri iddiaları üçün heç bir tutarlı mənbə göstərmirlər, özləri də haqqında danışdıqları hadisələrdən uzun illər sonra dünyaya gəlmiş kimsələrdirlər.
O dövrün səhih mənbələri olan Xondəmirin “Həbib əl-Siyar” və və Həsən bəy Rumlunun “Əhsən əl-təvarix” əsərlərində bir cümlə belə bu barədə yoxdur. Əgər Səfəvilər belə idilərsə niyə digər kitablarda, əlyazmalarda belə cümlə yoxdur.
Azərbaycan Əlyazmalar İnstititunda daş basma üsulu ilə yazılmış bu mənbənin əlyazması saxlanılır. XVII əsrə aiddir. O əsərlə tanış olub daha əmin olmaq olar ki, Səfəvilər nəinki adam əti yeyib, heç haram ətə (donuz və dini qayda ilə kəsilməyən ət, qadağan olunan ov heyvanları) belə əl uzatmayıblar.
Şah İsmayılla bağlı uydurma, obyektivliyə uyğun olmayan məlumatlar, yazılar da əsasən Osmanı arxivlərdində olan məlumatlara əsaslanılaraq yazılır. Amma onu bilməliyik ki, o dövrdə Osmanlı ilə Səfəvi müharibə şəraitində yaşayırdı. Ona görə də tərəflər bir-birinə qarşı müxtəlif təbliğat metodlardan istifadə edərək, gözdən salmağa çalışıblar. Elə o zaman Osmanı mirzələri, katibləri Şah İsmayıl haqında insan, uşaq əti yeyən, guya sünniləri yağ qazanında yandıran, vəhşi bir insan obrazı yaradaraq, onu gözdən salan fikirlər yazıblar. Onlar bu metodla qarşı tərəfi gözdən salmağa xidmət edib və bu, bir təbliğat vasitəsi olub.
Osmanlı mənbəsi sayılan “Şərəfnamə” Şah İsmayılın ölümündən 100 il sonra yazılıb və əsaslı şəkildə Şahın qəddar və zalım birisi olmasını “sübut” etməyə çalışır. Özü də bu əsər xeyli təhrif və əlavələrlə zəngindir. Türkiyədə nəşr edilən türk yazıçısı Ömər Seyfəddinin əsərlərində də bu fikir səslənir və o əsərləri oxuyanlar müəllifin şiəliyə necə nifrət etməsini görə bilər. Konkret Ömər Seyfəddin əsərində Səfəvi dövlətinin mövcudluğunu şübhə altına alır. Bu cür uydurma faktların bir neçə əsrlər keçdikdən sonra hansısa yazıçı tərəfindən qələmə alınması və Şah İsmayılı xarakterizə etməsi qətiyyən yolverilməzdir. Türkiyə yazarları bunu edirlər və ölkəmizdə bunu yayırlar. Belə əsərləri Azərbaycanda yaymaq, gənc, tam formalaşmamış beyinlərdə şübhə toxumu səpmək yolverilməzdir. Ola bilərmi ki türk müəllifləri hansısa bir türk sultanı haqqında belə cəfəngiyyatlar yazsın? Məsələn, Sultan Səlim Yavuzu götürək. Yavuz sözünün özünün bir mənası da “qəddar”, “zalım” deməkdir. Türk sultanları haqqında bəzən bütün Avropa tarixşünaslığının nə yazdığını bilirik. Amma biz azərbaycanlı olaraq daim türk sultanlarını yüksəltməyə çalışırıq, sivil bir hökmüdar kimi göstərməyə çalışırıq. Bu Türkiyədə də bizim tarixi şəxsiyyətlərə münasibətdə belə olmalıdır.
Qardaş ölkədə bu cürə “araşdırmalar” hansı amala, ideoloji xəttə, mədəni inkişafa, “iki dövlət, bir millət” prinsipinə xidmət edir? İranı, Rusiyanı başa düşmək olar, niyə məhz Türkiyədə?
Səfəvi əsgərləri adam əti yeyiblər?
Birinci Səfəvi-Qızılbaş əsgərləri İslam dininə aid idilər və onların böyük əksəriyyəti türk kimliyin daşıyıblar. İslam dinində və Türk törəsində nəinki adam, hətta haram ət yemək günah sayılıb.
Şah İsmayıl 14 döyüşdə 14 qələbə qazanan şəxs idi. Onun qoşunun sayı olduqca az idi Osmanlılara nisbətdə. Onun dövründə ordunun psixoloji cəhətdən güclü olması ilə yanaşı, düşmənlərə psixoloji təsirin edilməsini strategiyasını cızan hərbçi atabəylər var idi. Osmanlı elçiləri Azərbaycana, Şahın yanına gələndə onun əmri ilə bir dəstə əsgər qızardılmış buzovu qarşılarıa qoyaraq elçilərin getdiyi ərazidə əlləri ilə parçalayaraq iri tikələrlə yeyirdilər. Daş üzərində qoyulan buzov cəmdəyini iri parçalarla qopardan qorçular bununla elçilərin gözündə qorxu yaratmaq niyyətləri güdürdülər. Bu səhnəni görən Osmanlı elçiləri geri qayıdıb Sultan Səlimə “qızlbaşlar leşi iri tikələrlə yeyirlər” məlumatını verirlər. Bunu eşidən də Sultan Səlim Şaha qarşı nifrət yaratmaq üçün öz əsgərlərinə “qızılbaşlar meyit yeyirlər” deyə təbliğ edilməsini tapşırır.
İspaniya kralı III Filip tərəfindən Şah Abbas sarayına səfir göndərilən Qarsiya de Silva Fiqeroa (Garcia de Silva y Figueroa) 12 oktyabr 1617-ci il tarixində Bəndərabbas sahilində quruya çıxdığı andan 17 oktyabr 1618-ci il tarixində Qəzvin şəhərində Şah ilə ilk görüşünə qədər bütün hər bir hadisəni qeydə alır və ‘Comentarios’ əsərində Səfəvilərin hansı ət növlərini yediyini yazır. Bu əsərdə də öz təsdiqini tapır ki, Səfəvilər əsla haram ətdən istifadə etməyiblər. O, konkret yazır ki, “Səfəvi mətbəxi ümumən plov, toyuq ilə qoyun əti ilə olur”. A. Oleari “Qoldşin səfirliyinin Moskoviya və Persiyaya səfərinin müfəssəl təsviri” əsərində İsfahanda onların şərəfinə verilmiş ziyafətin təsvirinin sonunda yazır ki, saat yarımlıq ziyafət başa çatdıqdan və hamıya əllərini yumaq üçün ilıq su verildikdən sonra saray əyanı uca səslə söylədi:
“Süfrə haqqına, Şah dövlətinə,qazılar qüvvətinə Allah deyəlim!” Bundan sonra hamı xorla dedi:
“Allah! Allah!”
Sizcə, süfrədə “Allah! Allah!” deyən şəxslər adam əti yeyərdilər?
Halbuki, XVI əsrdə müsəlman olan kəs insan əti yeyə bilməzdi. Belə hal cahiliyyə dövründə, İslamdan əvvəl ola bilərdi. O vaxt düşmənin ürəyini çıxarıb yeyirdilər. Amma 16-cı əsrdə bu, mümkün deyildi. Şah İsmayılın şeirlərində “Dişləmə çiy loxmanı, yerinə dişin düşər” şəklində bir misrası var. Belə bir fikir sahibinin haqqında bu cür cəfəngiyyat yazmaq nə qədər inandırıcıdır?
Buna görə də bir mənbəni oxuyanda dəqiqliklə onu analiz edin. Orjinalını görmədən ittiham etməyin, ya da orjinal sənədləri oxuyana inanın.
Zaur Əliyev, dosent
Yenicag.az
www.yenicag.az