Qlobal ərzaq qiymətləri artdı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) iyul ayında dünya üzrə ərzaq qiymətlərinin 1,6 faiz yüksəldiyini açıqlayıb. Bu artıma əsas səbəb isə beynəlxalq ət və bitki yağlarının qiymətlərindəki bahalaşma olub.
Yenicag.az xəbər verir ki, FAO-nun aylıq qida qiymət indeksinə əsasən, iyulda indeks 130,1 bəndə çataraq bir əvvəlki ayla müqayisədə 1,5 faiz artıb.
Bitki Yağı Qiymət İndeksi 7,1 faiz artaraq son 3 ilin ən yüksək səviyyəsinə – 166,8 bəndə yüksəlib. Artımda, əsasən, palma, soya və günəbaxan yağlarının bahalaşması rol oynayıb.
Ət qiymətləri də 1,2 faiz artaraq 127,3 bəndlə yeni rekorda imza atıb. Xüsusilə Çin və ABŞ-dəki idxal tələbi sığır və qoyun ətinin qiymətinə təsir edib.
Süd məhsulları qiymətləri isə iyulda cüzi – 0,1 faiz azalıb. Bu, aprel ayından bəri ilk azalmadır. Tereyağı və süd tozu ucuzlaşıb, amma peynir qiymətləri artmaqda davam edir.
Taxıl qiymətləri də 0,8 faiz geriləyərək 106,5 bənd olub. Buğda və sorqo ucuzlaşıb, qarğıdalı və arpa isə bahalaşıb.
Şəkər indeksi isə 0,2 faiz enərək 103,3 bəndə düşüb və bu, ardıcıl beşinci aylıq azalma kimi qeydə alınıb. Lakin qlobal şəkər idxalındakı dirçəliş qiymətlərin daha çox enməsinin qarşısını alıb.