“Sağlam olmaq üçün balanslı qidalanma və düzgün bir həyat tərzi, yəni, stressdən uzaq durmaq, normal yatmaq, fiziki aktivlik çox önəmlidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında son dövrlər qlobal problemə çevrilən piylənmə və onun mümkün həlli yolları haqda danışan sağlam qidalanma üzrə mütəxəssis Fərid Səfərov deyib.
Onun sözlərinə görə, hər bir kəs orqanizminə uyğun qida qəbul etməlidir.
“Müasir dövrdə oturaq həyat tərzi, balanslı və sağlam olmayan qida seçimləri, stress, yuxusuzluq və bunun kimi bir çox faktorlar insanların artıq çəki, piylənmə və xəstəliklərdən əziyyət çəkməsinə səbəb olur. Sağlam olmaq üçün balanslı qidalanma və düzgün bir həyat tərzi, yəni, stressdən uzaq durmaq, normal yatmaq, fiziki aktivlik çox önəmlidir. Lakin artıq çəkiniz varsa, piylənmədən əziyyət çəkirsinizsə, təkcə sağlam qidalanaraq, bundan xilas ola bilməzsiniz. Onun bərabərində mütləq şəkildə sizə uyğun olan idmanla məşğul olmaq, gündəlik gəzintiyə çıxmaq, yuxu rejimini tənzimləmək və ən əsası özünə inanaraq, qərarlı şəkildə bunu davam etdirmək lazımdır. Bu prosesdə metobolizmimizi də nəzərə almalıyıq”, – deyə o əlavə edib.
Mütəxəssis qeyd edib ki, hər bir kəsin orqanizmi fərqlidir:
“Buna uyğun olaraq qida qəbulu və idman da individual olmalıdır. İlk növbədə metobolizmi yavaşladan qidalardan və vərdişlərdən – buğda, şəkər, makaron, düyü, emal olunmuş ət, kolbasa və sosislər və dondurulmuş qidalardan uzaq durmaq lazımdır. Eyni zamanda, həddindən artıq kofein, şərbətli desert və duzlu qəlyanaltılar qəbul etmək də sağlamlığa ziyan vuran addımlardır. İnsanlara tövsiyəm odur ki, sağlam qidalanaraq sağlam yaşasınlar”.
İsmayıl Bakuvi
www.yenicag.az