Qoşqar Salmanlı: “Bu Sərəncam Azərbaycan mediasının inkişafına təkan verəcək”

media-hightechnic-468x90

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam Azərbaycan mətbuatının daha da inkişaf etməsinə təkan verəcək.

Bu sərəncamda medianın çağdaş dövrdə qarşılaşdığı yeni vəzifələr, rəqəmsallaşma, süni intellektin tətbiqi və dezinformasiya ilə mübarizə kimi məsələlər ön plana çəkilib. Bu sərəncam milli mətbuatımızın yaranmasının 150-ci ildönümü ərəfəsində ölkə başçısı Cənab İlham Əliyevin mediamızı diqqətdə saxladığını bir daha göstərdi”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış jurnalist Qoşqar Salmanlı Prezident İlham Əliyevin mətbuatın 150 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam barəsində fikirlərini səsləndirərkən deyib.

media-b82db9c5-f3c5-484f-86de-af1e3501ee3f

“150 il öncə görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdü. Bu gün dövlətimiz Azərbaycan mətbuatının inkişafı üçün çoxsaylı addımlar atır. Sözsüz Azərbaycan mediası da bu dəstəyi yüksək qiymətləndirir. Məhz bunun bariz nümünəsidir ki, Azərbaycan mətbuatı yarandığı gündən keçən 150 il ərzində öz ənənələrinə sadiqlik nümayiş etdirib”.

“Milli mətbuatımız Zərdabi ənənələrinə söykənərək hər dövrün tələblərini uğurla yerinə yetirməklə müasir inkişaf səviyyəsinə gəlib çatıb” deyən jurnalist dövrün, zamanın çağırışları müxtəlif olsa da, mətbuatın prinsiplərinin dəyişməz olduğunu bildirib:

“Qərəzsizlik, obyektivlik, vətənpərvərlik, dövlət maraqlarını hər zaman uca tutmaq prinsiplərini fəaliyyətində mühüm dəyərlər kimi hər zaman öndə saxlayan müstəqil mətbuatımız çətin və şərəfli yol keçərək daim dövrün reallıqlarının təbliğatçısı olub.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu. 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuata diqqət və qayğıda da özünün aydın ifadəsini tapıb. Tarixi Zəfərimizdən sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib”.

Onun sözlərinə görə, ölkə mediasının 150 illiyinin ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda qeyd edilməsi böyük qürurdur:

“Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Amma Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və sair mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir”.

Q. Salmanlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə səyi nəticəsində bu gün mətbuatımızın öz prinsiplərinə sadiqliyini vurğulayıb:

“Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklərlə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır. Yeni dövrdə qarşıya qoyulan yeni hədəflərin həyata keçirilməsində üzərimizə düşən vəzifələri yerinə yetirmək üçün dövlət maraqlarını hər zaman uca tutaraq səylərimizi daha da artırmalı, müasir texnologiyaların tətbiqini genişləndirməklə qalib Azərbaycanın həqiqətlərinin təbliğində öndə olmalıyıq.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə səyi nəticəsində bu gün mətbuatımız öz prinsiplərinə sadiqdir. Məhz görülən işlərin nəticəsidir ki, son illər ərzində Azərbaycan media nümayəndələri beynəlxalq media qurumları ilə əməkdaşlığı artırıb və bir çox layihələrin davamlı iştirakçısına çevrilib. Qarşıda Azərbaycan mətbuatı üçün yeni pəncərələr açılır və bu mətbuatımızın daha da inkişafına təsir edəcək”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600