Qubada hoteldə kanat xəttinin qırılmasının təfərrüatları məlum olub.
Yenicag.az-ın məlumatına görə, hotelə məxsus kanat xətti bu il iyunun 23-də təmirə bağlanıbmış. Həmin vaxtdan Rusiyanın “SCADA stroy” montaj şirkəti kanat yolunda profilaktik təmir işlərinə başlayıb.
İyulun 9-da şirkətin iş icraçısı, 1959-cu il təvəllüdlü, Qazaxıstan vətəndaşı Nikolay Nikolayeviç Likvinenko və onunla birlikdə işləyən 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu, 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu və 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu tərəfindən kanat xəttinin təmiri davam etdirilərkən, xəttin bərkidildiyi dəmir tros qırılaraq R.İsayev, R.Əliməmmədov və R.Həsənova dəyib.
Hadisə nəticəsində R.İsayevin sağ alın nayihəsi, burun və sağ bazu sümüyü sıyrılıb, sağ bud sümüyü sınıb. Hadisə zamanı R. Həsənovun sol baldır nayihəsi sıyrılıb, R. Əliməmmədovun isə sol kürək sümüyü sınıb.
Yaralılar dərhal Quba rayon Mərkəzi Xəstəxanasına aparılsa da, Rüzgar İsyev aldığı xəsarətlərdən yolda dünyasını dəyişib, digər iki yaralı isə xəstəxanaya yerləşdirilib.
Məlumatda qeyd edilib ki, kanat xətti hotelin istirahət ərazisindən kənarda olduğundan hadisə nəticəsində turistlərdən xəsarət alan olmayıb.
R.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar aparılır.
www.yenicag.az