2020-ci il sentyabrın 27-də Azərbaycan Ermənistanın növbəti təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başladı.Xalqımız sanki Ali Baş Komandanın əmrinə müntəzir idi. Səfərbərliyə sevindik, döyüşlərə könüllü getmək üçün ər oğullar növbəyə durdu.
Müharibənin ilk günlərindən bir-birinin ardınca qələbə xəbərləri almağa alışdıq. Murovdağ, digər əhəmiyyətli zirvələr, Suqovuşan, Füzuli, Cəbrayıl, Qubadlı… Nəhayət 8 noyabr. Azərbaycan tarixində yeni və ən şanlı bir gün – Şuşa azad edildi. Bu xəbər düşmənin belini qırdı. Bu bayram sevincindən oyanmamış daha bir bayram xəbəri aldıq – Ermənistan kapitulyasiyaya imza atdı.
Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, 27 il özəlləşdirib yaşadıqları evlərimizin damı, daşı, meşələrimizin ağacları maşınlarına yükləndi. Yenə də gözləri doymadı. Apara bilmədiklərini məhv edir, evləri yandırır, meşələrə od vurur, suları çirkləndirərək ekoloji fəlakət törədirdilər.
Bununla bir daha bütün dünyaya öz vəhşi mahiyyətlərini, XXI əsrdə misli görünməmiş vandalizm nümayiş etdirirdilər. Noyabrın 15-dək rayonu boşalda bilməyən Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla buranı tərk etdilər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün şərait yaratmışdı. Halbuki işğalçılar vaxtilə Kəlbəcər əhalisinə öz evlərindən qovulmaq üçün cəmi 10 saat vaxt vermişdilər, onda da yollarını bağlayaraq uşaq, qoca, qadın bilmədən bacardıqları qədər insanı qətlə yetirmişdilər. Bu addımı ilə Azərbaycan dövləti düşməndən hərbi və mənəvi cəhətdən qat-qat üstün olduğunu nümayiş etdirdi. Bu, Azərbaycanla Ermənistan arasındakı fərqin bariz nümunəsi, danılmaz faktdır.
Noyabrın 25-də Kəlbəcər ölkəmizə təhvil verildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi Zəfəri həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən, hərbi əməliyyatlarsız, siyasi yolla işğaldan azad edildi, öz tarixi sahiblərinə geri qaytarıldı. Azərbaycan Ordusu çox çətin relyefə, sərt iqlimə malik Kəlbəcərə bir güllə atmadan daxil oldu.
İkinci Qarabağ müharibəsində qələbədən sonra bölgədə tikinti-abadlıq işlərinə start verildi. Ərazilərimizin mərhələli şəkildə minalardan təmizlənməsi, bu yerlərin abadlığı ön plana çəkildi. Çünki 30 illik işğal dövründə Ermənistan bütün binaları, yaşayış evlərini uçurub dağıtmışdı. Hazırda Kəlbəcərdə də müasir standartlara uyğun şəkildə abadlıq-quruculuq işləri aparılır. Kəlbəcərə dağ yollarından gedişi asanlaşdırmaq üçün yeni yol və tunellər çəkilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Kəlbəcərə səfərlər edərək tikinti və abadlaşdırma işlərinə nəzarət edir. Göründüyü kimi, Kəlbəcərlə bağlı dövlətimizin başçısının verdiyi vədlər artıq yerinə yetirilir və Kəlbəcərə də firavan həyat qayıdır. Kəlbəcərdə həyata keçirilən layihələr, görülən işlər bir daha deməyə imkan verir ki, işğaldan azad olunan ərazilərimiz müasir standartlara uyğun olaraq qurulur. Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.
Biz birlikdə güclüyük!
Qarabağ Azərbaycandır!
Tənzilə Rüstəmxanlı
Azərbaycan Milli Məclisinin üzvü
www.yenicag.az