Xəbər veridiyimiz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 10-da davam etdirilib.
Yenicag.az-ın məlumatına görə, əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyana dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən suallar verilib.
O, suallara cavabında “Sovet Ermənistanı” qəzetində redaktor müavini vəzifəsində çalışdığını bildirərək deyib: “Mən Qarabağ münaqişəsinə aid mövzularda yazırdım. Qəzet 1991-ci ilədək çıxdı. O vaxtdan sonra qəzet nəşr olunmayıb”.
Arkadi Qukasyan qanunsuz hərəkətləri qınadığını vurğulayaraq bildirib: “Mənim fikrimcə, qadını, uşağı və ya ahıl insanı öldürən şəxs insan deyil. Söhbət onun milliyyətindən getmir”.
O, Qarabağda məktəbdə rus dilində oxuduğunu, lakin erməni məktəblərinin Azərbaycan və rus dilli məktəblərdən sayca daha çox olduğunu deyib. Qukasyan etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb.
Prokurorun “Böyük Ermənistan” ideologiyasına dair sualına cavabında A.Qukasyan bu ideyanı nağıl adlandıraraq qeyd edib: “Çoxdandır “Böyük Ermənistan”la bağlı nağıllara inanmıram. “Böyük Ermənistan” ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam”.
O, iş üzrə cinayətkar dəstənin üzvləri kimi adı keçən Zori Balayanla 1993-cü ildə, Vazgen Manukyanla isə 1994-cü ildə tanış olduğunu deyib. Bildirib ki, Robert Köçəryan isə onun rəhbəri olub.
A.Qukasyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Ermənistan Respublikasının keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışıb. O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdə əsas çıxışçının Arkadi Manveloviç Manuçarov olduğunu bildirərək deyib: “Robert Köçəryanın çıxışları yadımda deyil. Biz rus dilində təhsil aldığımız üçün mənim kimi, onun da ədəbi erməni dili ilə bağlı problemi var idi. Ola bilər ki, o, mitinqin təşkilatçılarından olub, çünki “Krunk” təşkilatının üzvü idi”.
www.yenicag.az