!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramil Usubovdan cinsi azlıqlarla bağlı Açıqlama

!Reklam – Yazi

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieksin müraciətinə cavab verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, R. Usubov cavab məktubunda qeyd edib ki, Bakıda cinsi azlıqlara qarşı tədbirlər əhalinin çoxsaylı şikayətləri əsasında aparılıb: “Daxil olan şikayətlər əsasında Bakı şəhərində sentyabrın 15-dən 30-dək həyata keçirilmiş profilaktik tədbirlərlə paytaxtın müxtəlif ərazilərində toplaşan cinsi azlıqların yüzlərlə nümayəndəsindən yalnız ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq törədən, həmin yerlərdə ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmayan 83 nəfər saxlanılıb və barələrində qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşmə aparılıb. Saxlanılan şəxslərin yol verdikləri qanun pozuntuları məhkəmə qaydasında sübuta yetirildiyindən onlardan 56 nəfəri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə 5 gündən 30 günədək inzibati həbs tətbiq olunub, 18 nəfər cərimələnib, 9 nəfərə xəbərdarlıq edilib”.

R. Usubov məktubunda həmçinin saxlanılan cinsi azlıqlarda təhlükəli infeksiyaların aşkarlandığını qeyd edib: “Müayinələrin nəticələrinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 16 nəfərdə sifilis, 6 nəfərdə AİDS, 6 nəfərdə HİV, daha 2 nəfərdə Hepatit HCV virusu aşkar edilib. Eləcə də zöhrəvi xəstəlik aşkar edilməmiş daha 24 nəfərin həbsdə saxlanıldığı müddətin islah olunmaları üçün kifayət etməsi nəzərə alınaraq onlar oktyabrın 2-də məhkəmələr tərəfindən vaxtından əvvəl inzibati həbsdən azad ediliblər”.

Nazir bəyan edib ki, saxlanılan cinsi azlıqların hüquqlarının pozulması ilə bağlı iddiaların heç bir əsası yoxdur: “Azərbaycanda bütün qrup insanların hüquqları heç bir məhdudiyyət olmadan təmin edilir və cinsi azlıqlarla bağlı respublikamızda mövcud olan vəziyyət əksər Avropa dövlətlərindəki vəziyyətdən fərqlənmir. Lakin son illər ölkəmizdə hansısa hüquqazidd əməli törətmiş cinsi azlığın nümayəndələri özlərinin cinsi oriyentasiyasını önə çəkməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Bu cür məsələlər isə Azərbaycanda yalnız müvafiq beynəlxalq təşkilatların da hüquqi ekspertizasından keçmiş qanunvericilik aktları çərçivəsində həll edilir. Odur ki, cinsi azlıqların nümayəndələrinin hüquqazidd əməl törətməsi onları məsuliyyətdən azad edə bilməz”.

COP29

www.yenicag.az

2906
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv