!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramiz Zeynalov üçün YETİŞƏN QÜRUB: Ramiz Mehdiyevlə yaxınlığı generalı bitirir

!Reklam – Yazi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, polis general-mayoru Ramiz Zeynalov Azərbaycanda ən uzun müddət eyni vəzifədə işləyən yüksək vəzifəli şəxslərdən biridir.

69 yaşlı Ramiz Zeynalov bu vəzifəyə 1994-cü ilin avqust ayında təyin olunub.

Lakin son dövrlərdə ölkədə həyata keçirilən köklü islahatlar Zeynalov kimi stajlı fiqurların karyerasının qüruba yaxınlaşdığını söyləməyə əsas yaradıb. Qeyd olunur ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarında apardığı kadr əvəzləmələri BDYPİ rəisindən də yan keçməyəcək.

Ramiz Zeynalovun vəzifə finişinə yaxınlaşmasını şərtləndirən amillər müxtəlifdir. Ölkə mediasında dərc olunan çoxsaylı materiallarda Zeynalovun vəzifə səlahiyyətlərindən faydalanaraq, böyük biznes imperiyası qurduğu, hətta bəzi sahələrdə inhisarçıya çevrildiyi bildirilir.

Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan sonra “boz kardinal”la əlaqələrini saxlayan fiqurlar sırasında general Zeynalovun adı xüsusi yer tutur. İddialara görə, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postundan uzaqlaşdırıldıqdan sonra da bölgələrə səfəri zamanı onun avtomobili general dostunun göstərişi ilə yol polisinin patrul maşınları tərəfindən müşayiət edilir.

Yuxarıda yazılanlar və Zeynalovun Mehdiyevlə yaxınlığını belə nümayişkar formada gözə soxması təqaüd yaşı hələ 6 il əvvəl tamam olan generalın 26 əyləşdiyi kreslonu xeyli laxladıb.

General Zeynalovun qurduğu biznes imperiyasına nəzər salsaq, onun “iş dünyası”nda çoxprofilli fəaliyyətə üstünlük verdiyini görərik. İddiaya əsasən, general Quba rayonu Vəl-vələ çayı yaxınlığındakı meşə massivində 5 hektar ərazidə ağacları məhv etdirərək, orada 4 ay ərzində nəhəng daş karxanası və beton zavodu tikdirib.

Ramiz Zeynalovun biznesinin əsas istiqamətlərindən biri də “Evakuasiya.az” şirkətidir. Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərin sahibləri tərəfindən ödənilən cərimələrin dövlət büdcəsinə deyil, şəxsi hesablara getməsi də bu şirkət vasitəsilə təmin edilir.

Bunlardan əlavə, əslən Tovuz rayonundan olan Ramiz Zeynalovun ölkənin qərb bölgəsində də ciddi bizsens qurduğu və oradakı obyektlərinin idarəçiliyini qohumlarına həvalə etdiyi deyilir.

Generalın topladığı sərvətdə onun “peşə fəaliyyəti”ndən əldə etdiyi gəlirlər xüsusi yer tutur. Zeynalov sürücülük vəsiqələrinin verilməsi və avtomobillər üçün dövlət nömrə nişanlarının satışı ilə bağlı sözün əsl mənasında bazar yaradıb və bu bazarın “bazarkom”u da məhz onun özüdür. Hər halda, ölkədə “zerkalnı” kimi tanınan “prestijli” nömrələrin neçəyə və hansı şərtlərlə satıldığını bilməyən sürücü yoxdur. O nömrələrin satışından əldə olunan böyük pulların böyük hissəsi məhz Ramiz Zeynalovun şəxsi daxılına gedir.

General Zeynalovu xarakterizə edən detallar bu sadalananlarla yekunlaşmır. O həm də də adı rüşvət və korrupsiyada hallanan yüksək məmurlar sırasında “fəxri yer”də qərarlaşıb. Azərbaycanda Yol-Patrul Xidmətinə işə götürülməyin “qiyməti” 10 min manatdan başlayır. Əgər işə götürüləcək YPX əməkdaşının xidmət yeri paytaxt Bakıdırsa, o halda bu qiymət 20-25 min manata qədər arta bilər.

Ötən dövrlərdə BDYPİ-ni özünün ailə biznesi və korrupsiya bataqlığına çevirən Ramiz Zeynalovun vəzifədən çıxarılacağı dəfələrlə bildirilsə də, göründüyü kimi, bu iddialar doğrulmayıb. Ancaq generalın dövlətə baş qaldırmaq cəsarəti göstərən Ramiz Mehdiyevlə yaxınlığı onun karyerasının, hətta ola bilsin, azadlığının sonunu yetişdirib…

Bunun baş verməsi artıq zaman məsələsi hesab olunur.

COP29

www.yenicag.az

3349
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv