Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Yenicag.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra R.Quliyevin vəkilləri vəsatət qaldırıb. Onlar cinayət işinin məhkəmə istintaqı ilə aparılmasını istəyiblər.
Vəsatət qismən təmin olunub.
Bildirilib ki, cinayət işi üzrə dindirilən şahidlər məhkəmədə yenidən ifadə verəcəklər.
Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.
Qeyd edək ki, R.Quliyevin barəsində Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
www.yenicag.az