Razi NURULLAYEV: Nə Qərb, nə də Rusiya…
Ukraynanın şərq vilayətlərində vəziyyətin kəskinləşməsi, onların da Rusiyaya birləşmək, müstəqil respublikaya çevrilmək iddialarının ortaya çıxması birbaşa Rusiya hakimiyyətinin senarisi əsasında baş verir. Rusiyanın məqsədi həqiqətən də şərq vilayətlərinin müstəqil olmasıdır. Rusiya, çətin ki, o vilayətləri elə bu anda özünə birləşdirsin. Amma, o vilayətlərdə siyasi gərginliyi davam etdirəcək. Birinci məqsəd Krımın birləşdirilməsini ictimai rəydən qopararaq, bütün diqqətləri şərq vilayətlərinə yönəltmək, ikincisi isə öz təbirincə Qərbi cəzalandırmaqdır. Amma, Ukrayna hakimiyyəti qətiyyət göstərməsə həqiqətən də şərq vilayətlərini itirə bilər. Rus hərbiçilərinin Ukrayanya soxulması indiki anda baş verməyəcək. Amma, Donetsk və Xarkovda ruslar hakimiyyəti ələ ala bilərlərsə, o zaman Rusiya qoşunları onları dəstəkləmək üçün ora desant çıxara bilər.
Digər tərəfdən, yox əgər Rusiya hər şeyi göpzə alaraq şərq vilayətlərinı soxularsa, o zaman müharibə qaçılmazdır. Çox güman ki, Ukrayna ora hücum edən rus qoşunlarının başına bomba yağdıra və ölkədə hərbi vəziyyət də elan edə bilər. Bu zaman, Qərbin də Ukraynaya hərbi cəhətdən kömək etməkdən savayı yolu da qalmayacaq.
Təbii ki, Rusiya özünə bir yol seçib və bu yol keçmiş SSRİ-nin digər bir formatda gerçəkləşdirilməsidir. Rusiyanın geri çəkilməsi Putinin planlarının alt-üst olmasıdır. Həm də, digər keçmiş sovet respublikaları da bu gözdağından ibrətamiz dərs ala bilərlər. Elə buna görə də nə Qərb, nə də Rusiya çox yəqin ki, geri çəkilməyəcək. Təbii ki, bu qarşıdurmanın sonunda qalib də olmayacaq. Amma, bütün zərərləri Ukrayan ödəməli olacaq.
Bu qarşıdurmadan ən az ziyanla Qərb dövlətləri çıxacaq. Onların hazırda itirdikləri bir şey yoxdur. Lakin, Rusiya da bu mübarizədən zəifləmiş çıxacaq. Rusiyanın bütün dünyaya güc göstərəcək gücdə olması düşüncəsində deyiləm. Qərbin Rusiyanın iqtisadi dayaqlarına zərbələr endirməsi də qaçılmazdır.
Amma, ortada yenə də bir qorxu var: Rusiya prezidenti içindəki “mən”ini boğa bilməyərək daha da irəli getsin. Bu zaman isə Ukrayna çox əziyyət çəkəcək, amma Rusiyanın da çöküşünün tarixi bəlli olacaq. Putin ya çökdürülmüş Rusiyada avtoritarizmini daha da gücləndirərək hakimiyyətini sürdürəcək, ya da sərvəti azalan oliqarxlar, sanksiyalar nəticəsində güzaranı psiləşmiş vətəndaşlar və Qərbin dəstəyini alan müxalifət onu hakimiyyətdən salacaq.
Razi NURULLAYEV
“Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) rəhbəri, politoloq