!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regionda böyük SAVAŞ HAZIRLIĞI: “Türkiyənin Ukrayna cəbhəsində də Rusiyanın qarşısında dayanması...”

!Reklam – Yazi

“Ərdoğan Ukraynanı dəstəkləməklə Türkiyənin gündən-günə artan nüfuzunu daha da möhkəmləndirmək istəyir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ukrayna ilə Rusiya arasında artan gərginlik fonunda NATO-nun baş katibi Yens Stoltenberqin Moskvanın Ukrayna ilə sərhədə hərbçilərini cəmləşdirməsinə sərt reaksiyasını, o cümlədən, Türkiyənin bu cəbhədə də Rusiyaya qarşı dayanmasını şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Rusiya özünə qarşı təzyiqləri Ukraynanı təhdiddə saxlamaqla göstərir:

“Rusiyanın Ukrayna ilə sərhəddə geniş hərbi kontingent toplaması Kremlin Ukraynaya qarşı təcavüz niyyətinin ciddiliyini göstərir. Bununla belə, o da aydındır ki, Rusiya özünün bütün hərbi arsenalını bu işə cəlb etsə belə, onun Ukraynanı işğal etmək imkanı yoxdur.

Ona görə ki, o boyda ərazini tutmaq və hər şəhər və kəntdə əsgər saxlamaq üçün 1 milyondan çox əsgər lazımdır. Bu imkanlar Rusiyada yoxdur. Sual oluna bilər ki, bəs rusiya Krımı və Donbası necə işğal edə bildi? Bunun cavabı da çox sadədir. Rusiya oradakı separatçıların vasitəsi ilə Rusiya buna nail oldu.

Bu gün Ukrayna 2014-cü ildəki zəif dövlət olmadığından, Donbasdakı separatçılığın digər bölgələrə də sıçrayacağını güman etmirəm. Rusiya Ukrayna cəbhəsinə ordu yığmaqla, əslində, Qərbə mesaj verir”.

Türkiyənin Ukrayna məsələsindəki davranışına gəldikdə isə hərbi ekspert bunları deyib:

“Türkiyənin Qarabağ müharibəsindən sonra Ukraynanı ən müasir silahlarla təmin etməsi, Kiyevi ən açıq formada dəstəkləməyi Rusiya tərəfindən olduqca sərt qarşılandı. Gördüyümüz kimi, Rusiya turizim mövsümünün açılışına yaxın Türkiyəyə olan bütün aviareysləri dayandırdı. Bu da təbii ki Türkiyə iqtisadiyyatına təsirsiz ötüşməyəcək.

Düşünürəm ki, prezident Ərdoğan Ukraynanı dəstəkləməklə Türkiyənin gündən-günə artan nüfuzunu daha da möhkəmləndirmək istəyir. Bu həm də Qərbə bir mesajdır ki, Rusiyanın qarşısına yalnız mən çıxa bilərəm. Lakin bunun qarşılığında NATO və ABŞ-ın Türkiyəyə tam dəstəyini hələ ki görmürük. Necə ki, biz bunu Suriyada da görmədik.

Suriya, Liviya və Qarabağdan sonra Ukraynada da Türkiyənin Rusiyanı küncə sıxması iki ölkə arasında münasibətləri korlaya bilər. Bu durum öz növbəsində işğaldan tam azad edə bilmədiyimiz Qarabağda da özünü neqativ tərəfdən göstərəcək. Artıq bunun ilkin nəticələrini görməkdəyik.

Qarabağda rus dili məsələsi, bazanın möhkəmləndirilməsi, Azərbaycan tərəfindən icazə alınmadan Rusiya müdafiə nazirinin müavinin oraya getməsi, Bakının əlində dəqiq faktlar və sübutlar olduğu halda “İsgəndər” raketləri haqqında heç bir açıqlama verilməməsi və digər bu kimi hallar onu göstərir ki, Rusiya dişini qıcamaqdadır.

Belə bir vəziyyətdə incə diplomatik gedişlərin edilməsini istəyərdim. Hələ ki biz tam şəkildə Qarabağda möhkəmlənməmişik, insanlarımızı orada məskunlaşdırmamamışıq, belə bir vaxtda Türkiyə və Rusiya arasında münasibətlərin kəskinləşməsi arzuolunan deyil”.

Tərlan Eyvazov qeyd edib ki, Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar gözlənilmir:

“Ukraynada irimiqyaslı müharibənin olacağını gözləmirəm. Böyük ehtimalla, lokal toqquşmalar olacaq. Rusiyanın o qədər geniş ərazidə müharibə aparması çox çətindir. Əgər aparacaqsa, bu halda kütləvi qırğın silahlarından istifadə edə bilər.

Bu isə rəsmi Moskvanın məhvinə gətirib çıxarar. Digər tərəfdən, piyada qüvvələri ilə Ukrayna ərazilərinin açıq işğalına cəhd göstərsə, Qərb bunu cavabsız buraxmayacaq. Yəqin ki, diplomatik gedişlərə üstünlük veriləcək ki, məsələ dondurulmuş qalsın”.

Səxavət Məmməd

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv