!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regionda psixoloji SAVAŞ: Ermənistan ABŞ-Fransa cütlüyünün forpostuna çevrilir - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Rusiya-Ukrayna müharibəsinin aktiv şəkildə davam etməsi, Yaxın Şərqdə baş verən gərginlik, İsrail-“Hizbullah” toqquşması, İranın müharibəyə cəlb edilmə ehtimalı Cənubi Qafqaza da təsirsiz ötüşmür.

Rusiya ilə İranın bir-birinə dəstək verməsi təbii prosesdir. Hər iki ölkə dəqiq bilir ki, birini sıradan çıxarsalar, növbə digərinə gələcək. Ona görə də İsmayıl Haniyənin Tehrandakı öldürülməsindən sonra Rusiya hərbi təyyarələrinin İrana eniş etməsi, ardınca Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqunun İrana, ardınca isə Azərbaycana səfər etməsi gözlənilən idi.

Proseslərə bir qədər fərqli yöndən baxaq.
Ermənistan siyasi və hərbi baxımdan Rusiyadan qoparıldı. İqtisadi baxımdan da Ermənistan Rusiyadan qoparılsa, bu, o demək olacaq ki, əvvəl Rusiyanın forpostu olan Ermənistan indi də ABŞ-Fransa cütlüyünün forpostuna çevriləcək. 44 günlük müharibədən sonra Ermənistanla Rusiya arasında qopmalar var idi, anti-terror əməliyyatından sonra isə bu dərinləşdi. Artıq bu dərinləşmə düşmənçiliyin bir addımlığına gəlib demək olar. Ermənistanda bütün sahələrdə Rusiyanı ABŞ əvəz edir. Zvartnotsdan çıxarılma ilə başlayan proses yəqin ki, 102-ci baza ilə əvəz olunmağa başlayacaq. Bir gün ermənilərin 102-ci bazanın qarşısında kütləvi aksiya keçirdiyini görsək, təəccüblənməməliyik.

Cəmiyyətimizdə ən çox düşündürən məsələlərdən biri “ABŞ-nın Ermənistana daxil olmasında Rusiya niyə bu qədər səssiz qalır?” sualıdır. Bu sualın eynisini İranla bağlı da verənlər çoxdur. Hesab edirəm ki, bütün bu sualların cavabı Azərbaycandır.

Gəlin, Rusiya və İranın strateji maraqlarına baxaq. Ermənistan bu maraqlar arasında neçənci yerdə durur? Hesab edirəm ki, nə İranın, nə də Rusiyanın strateji maraqları arasında Ermənistan var. İranın bir nömrəli strateji marağı Yaxın Şərqdə möhkəmlənmək, ABŞ-ni oradan çıxarmaq, Rusiya və Çinlə yaxınlaşmaqdır. Rusiyanın strateji maraqları isə daha böyükdür. Yəni, Azərbaycan olduğu yerdə Ermənistan niyə görə Rusiya və İranın strateji marağı olsun? Bunu niyə yaza bilirəm? Çünki Azərbaycanla Rusiya strateji müttəfiqdir. İran da Azərbaycanla münasibətləri düzəltmək üçün çabalayır. Əvvəl də yazmışam, bir gün İranla Azərbaycan arasında Rusiya və Çinlə imzalanan bəyannamə kimi bəyannamə görsək, təəccüblənməməliyik.

Bütün bunları yazandan sonra Şoyqunun İrandan sonra Bakıya gəlməsinin səbəbini anlamaq o qədər də çətin olmayacaq. Yəni, Azərbaycan Ermənistanın qarşısında durmaqla dolayısı ilə ABŞ və Fransanın qarşısında durmuş sayılacaq. Azərbaycanın üzərinə daha bir yük yüklənmiş oldu. Ancaq eyni vaxtda Azərbaycan bir yükdən də xilas oldu – Zəngəzur dəhlizi. Həm Azərbaycan, həm də Ermənistan tərəfi rəsmi olaraq açıqlama verdilər ki, kommunikasiyalar məsələsinə, yəni Zəngəzur dəhlizinə sülh müqaviləsindən sonra baxacaqlar. Niyə buna Azərbaycan yükdən qurtardı deyirəm? Çünki layihənin sahibləri, həyata keçməsini istəyən dövlətlər Ermənistana heç bir təsir göstərmir. Misal üçün nə Çin, nə də İngiltərə layihənin düyün yeri sayılan hissəsinin açılması üçün passiv davranır. Hər şey Azərbaycanın üzərinə yüklənmiş görünürdü. Bu o deməkdir ki, İran üzərindən layihənin baş tutma ehtimalı daha yüksəkdir. Buna isə Qərb ölkələri nə qədər maraqlı olacaq, onu gələcəkdə görəcəyik.

Şoyqu da bildirdi ki, Azərbaycanda regionun təhlükəsizliyi məsələsi müzakirə mövzusu olub. Azərbaycana qarşı təzyiqlər var. Son baş verənlərdən sonra açıq şəkildə deyə bilərik ki, bu təzyiqlər daha da artacaq. Azərbaycana qarşı nəinki siyasi təzyiqlər olacaq, informasiya və psixolji müharibə artan xətlə davam edəcək. Bu müharibəyə Azərbaycan cəmiyyəti nə qədər hazırdır, onu bilmirəm.

Azərbaycan istəsə də, istəməsə də dünyada baş verən savaşın tərkib hissəsi olub. İllər əvvəl də yazırdım ki, belə bir savaş gələcək və Azərbaycan tərəfini düzgün seçməklə yanaşı, hədəfini də müəyyənləşdirməlidir. Yəni, bu savaş Azərbaycanın savaşı olmaya da bilər. Ancaq əgər bu savaşın içərisində varsansa, strateji hədəflərini müəyyən edib, onu ortaya qoyub, addımlar atmalısan. Başqasının savaşında öz maraqlarını həyata keçirməyə kimsə mane ola bilməyəcək. Bəzən deyirlər ki, Azərbaycan niyə görə bu savaşa qoşulur, bizə müharibə lazım deyil. Təkrar edirəm, nə Azərbaycandan, nə Ermənistandan, nə də digər kiçik ölkələrin bu məsələdə fikir soruşulmur. Ola bilsin, bu savaş heç aktiv fazaya, yəni sahəyə enməsin, ancaq daimi gərginlik, hər gün iynə üstündə oturmuş kimi yaşamaq qaçınılmaz kimi görünür.

Bu savaş dövlətlərin var olmasını, yəni gələcəyini bəlirləyəcək. Ən böyük təhlükə Azərbaycanın təklənməsi ola bilər. Yəni, dost itirən vaxtımız deyil…

COP29

www.yenicag.az

1290
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv