Rəşad Xasayoğlu Avropadakı cəbhəçilərə meydan oxudu
Son günlər Avropada, xüsusilə Hollandiyadakı Əli Kərimli tərəfdarlarının hədəfinə çevrilən Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasayoğlu bəyanatla çıxış edib.
Yenicag.az həmin bəyanatı olduğu kimi təqdim edir:
“Almaniyanın Köln şəhərində yaşadığım dönəmdə bizə qədər təşkilatlar qurulur? sonradan tez bir zamanda fəaliyyətlərini dayandırırdılar. Elə ki, Alman Azərbaycan Mədəniyyət Evi qurduq, haqqımızda qeybətin , böhtanın , iftiraların ardı-arası kəsilmədi. Bu arada onu deyim ki , fəaliyyətimizdən dolayı yüzlərlə insan təşkilatımıza üzv oldu , fədakar soydaşlarımızın sayəsində təşkilatın ofisi açıldı. Təşkilatımızın fəaliyyətinə kömək etmək əvəzinə kölgə salmağa başladılar. Əvvəlcə bizə “müxalifətçi” damğası vurub hökumətlə münasibətlərimizə zərbə vurmağa qalxdılar.
Təəssüf ki, bu “silah”la bizi özümüzə yaxın hesab etdiyimiz soydaşlarımız da vurmağa başladılar. Adlarını çəkməyəcəm. Ona görə yox ki , deməyə sözümüz yoxdur. Bizə o şəxslərin də adı bəllidir . Sadəcə konflikt olmasın, aramızda barışıq , dostluq olsun deyə, həmrəyliyimiz adına, ədəbimizə qısılıb, susduq . Daha sonra “hökumətə xidmət edirlər” təbliğatı ilə “gözdən salmağa” çalışdılar. Yenə susduq, yenə danışmadıq. Kürəyimizə bıçaq arxasınca bıçaq gəldi. Halbuki təşkilatımız o qədər demokratik təşkilatdır ki, hər fikrin sahibi bu təşkilatda birləşmişdi. Bizi bir amal birləşdirir. Anamız Azərbaycana olan sevdamız…
Halbuki hökumətlə işləmək bizim ən başlıca vəzifəmizdir. Hara getsək, harada yaşasaq da, bir ölkəmiz , bir hökumətimiz , bir dövlətimiz var və hər kəs vətənimiz üçün xaricdə siyasi mənsubiyyətini kənara qoymalı, ölkəsi üçün çalışmalıdır.
Necə ki, dünyada yaşayan başqa millətlər, ermənilər, ruslar, yəhudilər, çinlilər və başqa millətlər bu şəkildə hərəkət edirlər. Bizi zəiflətmək üçün alternativ təşkilatlar qurdular, alternativ tədbirlər təşkil etdilər. Ancaq yenə yolumuzdan döndərə bilmədilər və bilməyəcəklər. Hazırda bəziləri bizə qarşı yeni kampaniyaya start veriblər. Ölkə rəhbəri və hakim Yeni Azərbaycan Partiyası ilə birlikdə şəklimizi hazırlayıb yayırlar. Əziyyət çəkib yaymayın , mən cəsarətlə hazırladığınız şəkli yayacam . Çünki burda çəkinəcəyimiz və utanacağımız bir hal yoxdur. Bu gün faktiki ölkədə iqtidarda olan partiya və prezident var . Əgər bu prosesdə hakimiyyətimiz bizimlə əməkdaşlıq edəcəksə, biz buna yalnız məmnun ola bilərik. Bəli biz dövlətçiyik , biz azərbaycançıyıq . Bununla da fəxr edirik. Biz fəxr edirik ki, Azərbaycan dövlətinə və xalqına xidmət edirik”.