Gürcüstanın Avstriyadakı səfiri Konstantin Zaldastanişvili Avstriya xarici işlər naziri Sebastyan Kurtsun Gürcüstanda qaçqınlar üçün mərkəz yaradılmasını təklifinin əvvəllər müzakirə olunmadığını bildirib.
Yeniçağ.Az-ın məlumatına görə, K. Zaldastanişvili Gürcüstanın “Birinci Kanal” telekanalına müsahibəsində deyib ki, bu məsələ indiyə qədər heç bir rəsmi görüşdə müzakirəyə çıxarılmayıb.
K. Zaldastanişvili bu məsələnin S. Kurtsun bir ay əvvəl Gürcüstana səfəri zamanı da gündəlikdə olmadığını vurğulayıb: “Sebastyan Kurtsun konkret nəyi nəzərdə tutduğunu söyləmək mənə çətindir. Gələn həftə Avstriya tərəfi ilə məsləhətləşmələr başlayacaq və məsləhətləşmələrin gedişində məsələ aydın olacaq. Biz bu gün Avstriya Nazirlər Kabineti ilə əlaqə saxlamağa çalışdıq. Ancaq bu gün bazar günüdür və əlaqə yaratmaq çətindir. Sabah biz mütləq Avstriya Xarici İşlər Nazirliyi ilə əlaqə yaradacağıq və məsələyə daha çox aydınlıq gətirilməsinə çalışacağıq.
Qeyd edək ki, bu gün Avstriya xarici işlər naziri Sebastyan Kurts “Bild” qəzetinə müsahibəsində Gürcüstanda qaçqınlar üçün mərkəz yaradılmasını təklif edib. S. Kurts deyib ki, Avropa İttifaqı sərhədlərindən kənarda BMT Qaçqınlar üzrə BMT Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə fəaliyyətin həyata keçiriləcəyi qaçqınlar üçün mərkəz yaradılmalıdır: “Əsas odur ki, Avropaya qeyri-leqal yolla gəlməyə çalışan insanlar həmin mərkəzə göndərilə bilsin. Belə mərkəzlər Gürcüstan, Misir, yaxud Qərbi Balkan ölkələrində yaradıla bilər”.
Yeniçağ.Az
www.yenicag.az