Rubio: "Livan üzrə danışıqlar İranla razılaşmalardan ayrı aparılacaq"
Livanda atəşkəs barədə danışıqlar İranla diplomatik prosesdən ayrı aparılacaq.
Yenicag.az “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Əbu-Dabiyə çatdıqdan sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Livan suveren dövlət olduğu üçün bu proses müstəqil xarakter daşıyır.
“Bu proses ayrıdır, çünki Livan suveren ölkədir. Onun hökuməti var və söhbət Livandan və ölkə daxilində baş verənlərdən gedəndə biz birbaşa Livan hökuməti ilə danışıqlar aparacağıq”, – Rubio qeyd edib.
O əlavə edib ki, Livandakı vəziyyətdə İranın rolu məsələsi Tehranla təmaslar çərçivəsində, xüsusən də “Hizbullah”a dəstək kontekstində ayrı müzakirə olunacaq.
“Livanla bağlı İran aspekti də var – bu, onların “Hizbullah”ı dəstəkləməsi və maliyyələşdirməsidir. Bu amil iranlılarla danışıqlarımızda müzakirə ediləcək. Lakin Livanın gələcəyi özünün suveren seçilmiş hökuməti vasitəsilə Livan xalqına məxsusdur və biz məhz onunla işləyəcəyik”, – ABŞ-nin dövlət katibi vurğulayıb.













