Rusiya AŞPA-da səs verməyəcək
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin ləğvini nəzərdə tutan dəyişiklik qəbul olunmayıb.
AŞPA-nın dördüncü iş günündə əsaslı səbəblərə görə Monitorinq Komitəsinin məruzəçisi, avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) tərəfindən hazırlanan “Rusiya nümayəndə heyətinin artıq təsdiq olunmuş səlahiyyətlərinə yenidən baxılması” adlı hesabat müzakirə olunduqdan sonra sözügedən Komitənin təklif etdiyi qətnamə layihəsinə təklif edilmiş dəyişikliklər səsə qoyulub.
Kristof Çop (Christophe Chope) və Monitorinq Komitəsinin digər üzvləri tərəfindən qətmanə layihəsinin 14-cü bəndinə təklif edilən 3-cü dəyişiklik AŞ PA-da Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin ləğv olunmasını nəzərdə tuturdu.
33 Assambleya üzvü 3-cü dəyişikliyə imza atmışdı.
Bundan əlavə, Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin ləğvini nəzərdə tutan 6, 11 və 14-cü dəyişikliklər də Assambleya tərəfindən qəbul olunmayıb.
Səsvermə zamanı Rusiya ilə bağlı daha bir qərar qəbul edilib. Qərara görə, Rusiya nümayəndə heyəti AŞPA-da səsvermə hüququndan məhrum edilib. Qərar 2014-cü ilin sonuna qədər qüvvədə qalacaq(axar.az).