“Rusiya ilə hibrid müharibədəyik” - Polşa Prezidentindən Putinə və Qərbə sərt mesajlar
Polşa Prezidenti Karol Navrotski Ukrayna müharibəsinə son qoya biləcək yeganə şəxsin ABŞ Prezidenti Donald Tramp olduğunu irəli sürüb.
Yenicag.az xəbər verir ki, Navrotski “BBC Radio”ya verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin etibarsız biri olduğunu bildirib və müharibəni dayandırmaq üçün Trampa tam dəstək verəcəyini deyib.
Polşa lideri Trampın Qrenlandiyaya hərbi müdaxilə təhdidlərinə baxmayaraq, ABŞ Prezidentinin Avropanın “dəstəyinə və hörmətinə layiq olduğunu” vurğulayıb.
Qrenlandiya məsələsinin isə Danimarkanın Baş naziri Mette Frederiksenlə Tramp arasında həll olunmalı olduğunu qeyd edib.
Navrotski sentyabr ayında Rusiya ordusuna məxsus dronların Polşa hava məkanına daxil olmasını tənqid edərək Moskvanın NATO-nun həmrəyliyini sınağa çəkdiyini bildirib.
O, Rusiyanın Polşaya qarşı kiberhücumları da artırdığını deyərək Putin hakimiyyəti ilə 2021-ci ildən bəri hibrid müharibə apardıqlarını ifadə edib.
Qeyd edək ki, Frederiksen ABŞ-nin Qrenlandiyaya müdaxilə edəcəyi təqdirdə, 77 illik NATO-nun sonunun gələ biləcəyi barədə xəbərdarlıq etmişdi.
Amir Aqiloğlu












