Rusiya OYUNA DAXİL OLUR – ABŞ-İran danışıqlarında Moskva “BARMAĞI”
“İran ilə Amerika arasında ikincisi Romada baş tutmuş və yaxın günlərdə üçüncüsünün keçirilməsi gözlənilən görüşlər Yaxın Şərqə sülhün gəlməsi baxımından son dərəcə mühüm bir addımdır”.
Bunu Yenicag.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Siyasi təhlilçi ötən həftə Romada baş tutan ABŞ-İran danışıqları fonunda baş verən prosesləri və sözügedən məsələdə Rusiyanın mövqeyini şərh edib.
Onun sözlərinə görə, İran və Amerika rəsmilərinin Romadakı görüşündən öncə İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin Moksvaya səfər etməsi nüvə məsələsində İran-Amerika danışıqlarında Rusiyanıln vacib bir vasitəçi olacağını göstərir:
“Son aylarda İran ilə Rusiya genişmiqyaslı bir razılaşma imzalayıb. Bu razılaşma, əslində. İran ilə Rusiyanın çox önəmli bir müttəfiq olduqlarını ortaya qoyur. Amerika Rusiyadan Ukrayna məsələsini müzakirə edərkən, eyni zamanda, Rusiyanın gündəmə İran məsələsini də gətirməsi, bir tərəfdən, Ukraynada sülh axtarışları aparıldığı vaxt, digər tərəfdən isə İran ilə Amerika arasında da bir sülh prosesinin başlanmasına zəmin yaratdı”.
Müsahibimiz əmindir ki, İran-Amerika görüşlərində həm İranın, həm də ABŞ-nin maraqlarını təmin edən bir mühitin yaranması baxımından Rusiyanın vasitəçi rolu hər iki tərəf üçün olduqca əhəmiyyətlidir:
“Amerika Rusiyaya qarşı yeni bir yol xəritəsi müəyyənləşdirib, eyni zamanda, Rusiya da İranla münasibətlərini daha da gücləndirərək davam etdirəcək. Burada diqqətçəkən başqa bir məqam isə İranın dini liderinin “nüvə silahı əldə etmək haramdır” fətvasını nəzərə aldıqda, İranın bu prosesdən böyük qazanc əldə edəcəyi ehtimalıdır. Qərbin İrana tətbiq etdiyi sanksiyalar aradan qalxdıqda, ölkə böyük bir dəyişiklik və transformasiya yaşayacaq”.
Rafi Müslümov