“Rusiya Qarabağ müharibəsinin başlamasında maraqlıdır” – Politoloq
Bir müddətdir ki, sosial mediada Qarabağda yenidən müharibənin alovlanacağı haqda xəbərlər dolaşmaqdadır. Bəzi saytlarda gedən xəbərlərə görə Azərbaycan hökuməti Ermənistandakı çaxnaşmalardan istifadə edərək hərbi əməliyyatları başlatmaq niyyətindədir.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qeyd edir ki, bu barədə xəbərlər əslində yeni deyil.
“Bu xəbərin nə dərəcədə etibarlı və güvənli xəbər olması bir başqa məsələdir. Eyni zamanda düşünürəm ki, bir dövlətin ərazisi nə qədər ki, digər dövlətin işğalı altındadır müharibə təhlükəsi həmişə var. O cümlədən də Qarabağda müharibənin yenidən alovlanması ehtimalı var. Xüsusilə də Ermənistana qeyri-stabil vəziyyəti nəzərə alsaq, təbii ki, müharibə riski çox yüksəkdir. Azərbaycanın bəzi hakimiyyətə yaxın kütləvi informasiya vasitələrində belə bir təbliğat gedir ki, indiki şəraitdə Azərbaycan fürsətdən istifadə edib torpaqları azad edə bilər. Görünür ki, bü cür ehtimallar da bu cür məlumatlardan qaynaqlanır. Qeyd etdiyim kimi, həmin KİV-lər heç bir vaxt öz təşəbbüsü ilə bu kimi məlumatları yaya bilməzlər. Bu yalnız hakimiyyətdən sifariş olunan yazılardır. İctimai rəyi müharibəyə hazırlamaq, hər hansı anonslar vermək olduqca çətindir.
Politoloq düşünür ki, hər əməliyyatların başlaması ehtimalı çox azdır:
“Ona görə azdır ki, bu gün nə Azərbaycanın nə də Ermənistanın bugünki maraqlarına cavab vermir. Bu yalnız Rusiyanın maraqlarına cavab verir. Qarabağda hərbi əməliyyatlar başlayarsa Rusiyanın bölgədə bir qədər də möhkəmlənməsinə və hər iki dövlət üzərində daha böyük nəzarətinə gətirib çıxaracaq”.
Kamran Ədalətoğlu
Yenicag.az