“Rusiya hərbi bazalarının Suriyadan çıxarılması ilə bağlı məlumatlar kifayət qədər ziddiyyətlidir. Türkiyə mənbələri bazaların çıxarılması ilə bağlı heç bir əlamətin olmadığını bildirir. Bununla yanaşı, Qərb mənbələri təxminən 400 rus hərbçisinin bölgədən çıxarıldığını iddia edir”.
Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Elçin Xalidbəyli deyib.
Analitik Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiyanın Latakiya və Xmeymimdəki hərbi bazalarını dislokasiya etməsi ilə bağlı yayılan informasiyaları şərh edib.
Analitikin fikrincə, bununla belə, Rusiyanın Suriyadan çıxardığı hərbçiləri Ukraynadakı döyüş meydanına göndərəcəyi ehtimalı inandırıcı görünmür:
“Hazırda Rusiyanın əsgərə ehtiyacı olmadığı məlumdur. Bu hərbçilərin yüksək təlim görmüş, xüsusi hazırlıqlı qüvvələr olduğu nəzərə alınarsa, onların başqa bir strateji bölgəyə yerləşdirilməsi daha məntiqli görünür. Böyük ehtimalla, bu hərbçilər Ermənistana göndərilə bilər. Suriyanın itirilməsindən sonra Ermənistan Rusiya üçün strateji əhəmiyyət kəsb etməyə başlayıb. Cənubi Qafqazdakı təsirini qorumaq istəyən Rusiya Ermənistandakı hərbi bazalarını gücləndirməyə üstünlük verə bilər”.
“Yaxın aylarda Ermənistan uğrunda geosiyasi mübarizənin Rusiya üçün taleyüklü xarakter daşıyacağı ehtimal olunur. Bu prosesdə Kremlin Ermənistanda hərbçilərin yerləşdirilməsi üçün indiyədək tətbiq edilməmiş güclü təzyiq mexanizmlərini işə salacağı da istisna edilmir. Rusiya üçün Cənubi Qafqazda təsirini qorumaq və Ermənistanı nəzarətdə saxlamaq olduqca vacibdir”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az