Rusiyanın “AlfaSığorta” şirkəti “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Embraer 190” markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” nəşri məlumat dərc edib.
Bildirilir ki, “AlfaSığorta”nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnikin sözlərinə görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsi, eləcə də daşıyıcının sərnişinləri şirkət tərəfindən sığortalanıb.
Lakin o, aviasiya sığortası ödənişinin məbləğini açıqlamayıb. Kabaçnik sığortaçıya aviaqəza ilə bağlı rəsmi araşdırmanın nəticələrini gözləməyə ehtiyac olmadığını izah edib.
“Qəza ilə bağlı araşdırmalar davam etsə də, ödənişlərin təşkili üçün kifayət qədər məlumatımız var. Sığortaçı kimi bizim üçün təyyarənin vurulması faktı vacibdir, bu, şübhəsizdir. Müharibə və terror riskləri də sığortalandığı üçün aviaşirkət istənilən halda kompensasiya alır”, – o deyib.
“Sərnişinlərə dəymiş ziyanın və zərərçəkmişlərə və onların qanuni nümayəndələrinə daşıyıcının məsuliyyətinin sığortası üzrə sığorta ödənişlərinin hesablanmasına “AlfaSığorta” şirkəti tərəfindən bu ilin yanvarında başlanılıb və hazırda da davam etdirilir”, – deyə şirkətdən “İnterfaks”a bildirilib.
www.yenicag.az