41 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tanklar, PDM və ZTR-lər – 2 495 ədəd, artilleriya sistemləri – 332 ədəd, hava hücumundan müdafiə sistemləri – 122 ədəd, təyyarələr – 120 ədəd, helikopterlər – 134 ədəd, avtomobil texnikası – 1 400 ədəd, PUA-lar – 40 ədəd, hərbi obyekt – 242 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 332 ədəd, zenit-raket kompleksləri – 236 ədəd, gəmi-kater – 7 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tanklar, PDM və ZTR-lər – 2 175 ədəd, artilleriya sistemləri – 523 ədəd, hava hücumundan müdafiə sistemləri – 126 ədəd, təyyarələr – 69 ədəd, helikopterlər – 28 ədəd, avtomobil texnikası – 1 665 ədəd, PUA-lar – 127 ədəd, hərbi obyekt – 3 552 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 165 ədəd, zenit-raket kompleksləri – 148 ədəd.
Ukrayna-Rusiya müharibəsinin qırx birinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, gün ərzində əsas şiddətli döyüşlər Donetsk, Luqansk, Xarkov istiqamətlərində gedib:
“Ukrayna qoşunları Çernobıl atom elektrik stansiyasını nəzarətə götürdü və bu istiqamətdə dövlət sərhədinə çıxaraq sərhədi bərpa etdi. Eyni zamanda, Sumı istiqamətində də dövlət sərhədinə qədər irəlilədilər. Çerniqov tam artilleriya atəşləri altında qaldı. Xarkov istiqamətində ruslar qismən irəlilədilər. Xarkov da tam artilleriya atəşi altındadır. İzyum hələ də Rusiya nəzarətindədir. Luqansk vilayətinin ərazisinin 85 faizi rusların nəzarətindədir. Donetsk istiqamətində ruslar hücumlarını davam etdilər. Mariupolda küçə döyüşləri davam edir. Ukraynalıların şəhəri təslim etməyəcəkləri görünür. Zaporejye bölgəsində taktiki səviyyədə üstünlük ukraynalılardadır. Xerson istiqamətində ruslar müdafiəyə keçirlər. Nikolayev istiqaməti ukraynalıların nəzarətindədir. Odessada hələ aktiv əməliyyatlar aparılmır. Şəhər raket-artilleriya atəşləri ilə vurulur. Hücumları davam etdirmək üçün rusların əlində kifayət qədər yeni qüvvə yoxdur. Bu səbəbdən irəliləmək və ələ keçirilən əraziləri nəzarətdə saxlamaq ruslar üçün günü-gündən çətinləşir. Ukraynalılar isə əksinə. Avropa ölkələrinin yeni silah və zirehli texnika dəstəyindən sonra onlar əks-hücum əməliyyatlarını daha məqsədli və mobil aparacaqlar.
Çexiya artıq Ukraynaya 40 ədəd T-72 tankı, 50 ədəd PDM göndərdi. ABŞ “Switchblade-600” kamikadze və “Switchblade-300″ dronlarını göndərəcək. Bu yardımların artaraq gedəcəyini düşünürəm. Çünki Buça qətliamından sonra Amerika və Avropa ölkələri Ukraynada reallığın nədən ibarət olduğunu anladılar.
Bu gün Ukrayna Silahlı Qüvvələri Berdyansk ətrafında mühasirəni yararaq rus qoşunlarını darmadağın etdi və Berdyansk limanını tam nəzarətə götürdü.
Azov dənizi sahillərinə çıxış əldə etməsi Ukraynanın strateji planının bir hissəsi olduğundan çox əhəmiiyətli uğur oldu. Bu həm də, Donbasın quru yolu ilə Krımla əlaqəsini kəsmiş oldu. Bu əməliyyatın nəticələri ruslara həmin istiqamətdə ciddi çətinliklər yaradacaq. Donbasdan Krıma keçid məsafəsi artıq yalnız dəniz vasitəsi ilə mümkün olacaq. Bu isə marşrutun uzanması və təminatın çatdırılması üçün daha çox vaxtın getməsi deməkdir. Ruslar bu istiqamətdə ciddi əks-hücum əməliyyatları planlamalıdırlar. Donbas-Krım quru yolu onlar üçün olmazsa-olmazlardandır. Çünki Kerç boğazından keçərək Krıma getmə marşrutu çox uğursuz bir marşrutdur. Dənizdə gəmilər çox asanlıqla hədəfə çevrilə bilər. Nəzərə alsaq ki, ukraynalılar rusların artıq 7 gəmisini sıradan çıxarıblar, bu onlar üçün çətin olmayacaq. Rusların əməliyyatlar teatrında manevr imkanları xeyli azalıb. Donbasla olan quru yolun bağlanması da rusları ağır vəziyyətə salacaq.
Ukrayna qoşunları Xersonda yerləşən ruslara ciddi zərbələr endirdi. Ruslar Dnepr çayının sol sahilinə qayıtmağa məcbur oldular. Xarkov istiqamətində gedən döyüşlər davam edir. Ukrayna qüvvələri sahədə hərbi və psixoloji cəhətdən daha hazırlıqlıdırlar. Bu da əməliyyatların nəticələrinə birbaşa təsir edir.
Rusiya İkinci Dünya Müharibəsində dönüşü müharibənin adını dəyişərək Vətən müharibəsi adlandırmaqla başlamışdı. Həm əhalini, həm də ordunu buna hazırlamışdı. Ukrayna üçün mənəvi və psixoloji hazırlıq çox asandır. Çünki onlar vətənlərini qoruyurlar. Ukrayna dövləti də bu yöndə informasiya müharibəsi aparır. Xalqla ordunun vəhdəti də belə alındı. Rusiya üçün bu çox çətindir. Ordunu hansı ideologiya ilə, hansı psixologiya ilə hazırlayacaqları yönündə çarəsiz qalıblar. Rusiyanın Ukrayna müharibəsində ən zəif cəhəTlərindən biri də məhz budur.
Müharibənin hər keçən günü Ukraynanı qələbəyə bir addım daha yaxınlaşdırır. Ukraynada qələbə qazana bilməyən Kreml rəhbərliyi qələbəni ölkə daxilində onu aldatmış siyasi və hərbi elitanı məhv etməklə qazanmağa çalışacaq. Bu çox real görünən qələbədir, nəinki əməliyyatlar teatrında. Kreml rəhbərliyinin qələbəni harada qazanacağını önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd
www.yenicag.az