Rusiya və İsrail: Eyni strategiya, fərqli ARQUMENTLƏR
“Beynəlxalq hüquq prinsipləri ciddi şəkildə aşınmaqdadır və dünya ikili standartlarla idarə olunan təhlükəli dönəmdən keçir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, İsrail və İran arasında gərginliyə Rusiyanın münasibətini şərh edib.
Politoloq bildirib ki, Rusiyanın hazırkı münasibəti özünə rəva görmədiyini başqasına tövsiyə etməkdən ibarətdir:
“Kremldən ard-arda səsləndirilən bəyanatların əsas istiqaməti İsrailin İrana qarşı hərbi əməliyyatları dayandırmalı olduğu, problemin isə diplomatik yollarla həll edilməsinin vacibliyi barədədir. Göründüyü kimi, Rusiyanın çağırışları, özünün Ukrayna ilə apardığı müharibə fonunda ikili standart təsiri bağışlayır”.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Kremlin diqqətinə sülh danışıqlarının vacibliyini çatdırmağa çalışsa da, Moskva bu təklifləri qəbul etmir:
“Əvəzində həm döyüş meydanında, həm də danışıqlar masasında paralel proseslər yürütməyə üstünlük verir. Belə vəziyyətdə Rusiya faktiki olaraq özü üçün məqbul saymadığı davranışı başqa dövlətlərdən gözləyir. Əgər Rusiya Ukrayna ilə münasibətləri hərbi toqquşma olmadan, diplomatik yollarla həll etməyə çalışsaydı, bəlkə də bu gün İsrail-İran qarşıdurması indiki qədər alovlanmazdı”.
“Həmçinin nəzərə almaq lazımdır ki, Rusiya Ukraynadakı müharibəni “milli maraqların qorunması” arqumenti ilə əsaslandırır. İsrail də eyni yanaşma ilə çıxış edir və “İran nüvə silahına sahib olmamalıdır” deyir. Əlavə olaraq Kreml Kiyevdə rejim dəyişikliyi istədiyini gizlətmir, İsrailin də Tehranda eyni məqsədlə hərəkət etdiyi iddiaları səslənir. Bu vəziyyət bir daha göstərir ki, beynəlxalq hüquq prinsipləri ciddi şəkildə aşınmaqdadır və dünya ikili standartlarla idarə olunan təhlükəli dönəmdən keçir”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli