“Bəzi diaspor təmsilçiləri öz hərəkətləri ilə Azərbaycan diasporunun parçalanmasına və cəbhələşməyə səbəb olurlar”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Tuva Respublikasındakı (Rusiya Federasiyası) Azərbaycan diasporunun aparıcı fiqurlarından biri, Tuva karate Federasiyasının prezidenti, Qızıl Şəhər Məclisinin üzvi Çingiz Əliyev deyib.
Çingiz Əliyevin sözlərinə görə, görülən işlər nəticəsində tuvalıların Azərbaycan haqqında bilgiləri artmaqdadır:
“Hazırda Tuvanın Qızıl şəhərində təqribən 350 azərbaycanlı yaşayır. Onların arasında qarışıq nikahlar, eləcə də beynəlmiləl ailələrin nümayəndələri də var. Əminliklə deyirəm ki, Tuvada yaşayıb-fəaliyyət göstərən soydaşlarımız respublikanın ictimai-siyasi həyatında aktiv rol oynayır, ümumi inkişafa töhfə verməyə çalışırlar. Tuvada ictimaiyyətin geniş rəğbətini qazanmış çox sayda azərbaycanlının adını çəkə bilərəm. Tuvadakı diasporumuz kifayət qədər monolitdir. Bir məqama toxunum ki, Qızıla yeni gələndə, yerli sakinlər bizləri “xaçik” adlandırırdılar. Bu, nə qədər xoşagəlməz hal olsa da, başa düşürdük ki, o müraciət bizə aidiyyatı olmayan “xaç” məfhumunun düzgün anlaşılmamasından qaynaqlanır. Yəni həmin söz gürcü və başqa xristian xalqlara aid edilə bilər. Ancaq hazırda vəziyyət xeyli dəyişib və respublikanın demək olar, hər bir sakini artıq bilir ki, azərbaycanlılar da tuvalılar kimi türkdilli xalqdır, yalnız dinlərimiz fərqlidir. Rusiyada iki milyondan çox azərbaycanlı yaşayır və biz həmin ölkənin vətəndaşları olaraq, rusiyalı sayılırıq. Orada yaşayan bəzi soydaşlarımızın səhvi bundan ibarətdir ki, onlar öz hərəkətləri ilə Azərbaycan diasporunun parçalanmasına və cəbhələşməyə səbəb olurlar. Nəticədə isə diasporun fəaliyyətində xaos yaranır. Əslində isə Rusiyada fəaliyyət göstərən bizlər vahid qüvvə kimi çıxış etməli, şəxsi mənafelərimizi önə çəkməməliyik. Bu gün Rusiyadakı Azərbaycan diasporunun heç vaxt olmadığı qədər yeni liderə ehtiyacı var. O lider gənclərin sırasından seçilməli, Azərbaycan cəmiyyətinin maraqlarına xidmət etməli və birgə səylərlə hər iki ölkəyə fayda gətirməlidir”.
Qafqaz Ömərov
www.yenicag.az