Rusiyanın “köhnə qvardiyası” İFLASA UĞRADI – Putin “hökumət vitrini”ni NİYƏ DƏYİŞİR?

media-hightechnic-468x90

“Rusiyanın hakimiyyət komandası artıq dövlətin əsas problemlərindən birinə çevrilib. Birincisi, bu komanda bütün sahələr üzrə rüşvət və korrupsiyaya bulaşıb. Başqa sözlə, rüşvət və korrupsiya hazırda Rusiya dövlətinin daxili siyasətinə çevrilib. Hərbi məmurlardan tutmuş iqtisadi strukturlara və dövlət icra orqanlarına qədər Rusiya bir korrupsiya bataqlığına çevrilib. Elə buna görə də Rusiya bu gün ciddi problemlərlə üz-üzədir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

media-elcin_xalidbeyli

Siyasi təhlilçi rusiyalı müxalif araşdırmaçı jurnalist Mixail Zıqarın yaxın vaxtlarda Rusiya hərbi-siyasi elitasında mümkün dəyişikliklərin olacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Onun sözlərinə görə, Ukrayna savaşı Rusiyanın bütün biabırçı reallıqlarını açıq şəkildə üzə çıxardı:

“Silah-sursat və hərbi texnika istehsalına ayrılmış pullar, dövlət büdcəsindən verilmiş vəsaitlər Rusiya generaliteti tərəfindən mənimsənilib. Hazırda Rusiya savaşda dayanıqlılıq göstərmək üçün xarici ölkələrdən, xüsusilə Şimali Koreya və İrandan silah idxalına məcbur qalıb. Bütün bunlar onu göstərir ki, Putinin hakimiyyət komandası müasir dövrün tələblərinə cavab vermir. Bu komanda sovet ənənələri və neoimperialist vərdişlər əsasında fəaliyyət göstərən bir siyasi strukturdur və nəticədə Rusiya dərin böhranla qarşı-qarşıyadır”.

E. Xalidbəyli əmindir ki, bununla yanaşı, hakimiyyət komandasının intellektual səviyyəsinin son dərəcə aşağı olması vəziyyəti daha da ağırlaşdırır:

“Bu şəxslərin böyük əksəriyyəti yaxın münasibətlər və şəxsi tanışlıqlar əsasında müxtəlif vəzifələrə gətirilib. Hətta hərbi sektorda elə generallar var ki, heç bir hərbi təhsil almayıblar. Müxtəlif sahələrdən hansısa səbəblərlə gətirilib yüksək vəzifələrə təyin olunublar. Bu səbəbdən də Rusiyanın hərbi sektoru çöküş yaşayır. Müasir döyüş taktikası və texnologiyaları bu hakimiyyət komandasına tamamilə yad anlayışlardır. Eyni zamanda ekstremal vəziyyətlərdə operativ və düzgün qərar vermək qabiliyyəti də bu komandanın əlində deyil”.

Həmsöhbətimiz əmindir ki, bütün bu problemlər Ukrayna müharibəsinin ilk günündən etibarən Rusiyanın bütün sektorlarında özünü göstərməyə başlayıb:

“Bank sektorundan tutmuş hərbi və iqtisadi sektora qədər bütün sahələrdə inkişaf deyil, geriləmə müşahidə olunur. Bu mənzərədə prezident Putinin hökumət komandasını dəyişmək niyyəti tamamilə məntiqli görünür. Yaşlanmış və müasir tələbləri mənimsəyə bilməyən bu komanda hələ də keçmiş SSRİ-nin havasındadır. Əslində, prezident Putinin özü də bu komandadan ciddi şəkildə fərqlənmir. Ancaq görünən odur ki, o da artıq anlayır: dövləti idarə etmək üçün yeni düşüncə tərzinə malik şəxslərin vəzifələrə gətirilməsi vacibdir”.

“Məsələn, Sergey Lavrov hələ də SSRİ-nin atmosferində yaşayıb Rusiyanın xarici siyasət kursunu müəyyənləşdirməyə çalışır. Nəticədə Rusiya bu gün beynəlxalq arenada tək qalıb. Hazırda Rusiyaya ən yaxın dövlət Belarusdur. Lakin Belarusla da Rusiya arasında ciddi gərginliklər mövcuddur. Bir neçə il öncə Belarus prezidenti Aleksandr Lukaşenko ilə Putin arasında baş vermiş qarşıdurma və fikir ayrılıqları hər kəsə məlumdur. Lukaşenko açıq şəkildə Rusiyanı və Putini Belarusa “böyük qardaş” kimi davranmaqda ittiham etmişdi”, – deyə o, əlavə edib.

Müsahibimizin fikrinə görə, bütün bu reallıqlar onu göstərir ki, Rusiya müasir dünyadan ən azı 100 il geridə qalıb:

“Əgər Rusiya inkişaf etmək və mövcudluğunu qorumaq istəyirsə, müasir dövrün tələblərinə uyğunlaşmalıdır. Bunun üçünsə geridə qalmış məmurlar sistemdən uzaqlaşdırılmalı və yerinə müasir düşüncəli idarəçilər gətirilməlidir. Putin bunu hansı səviyyədə bacaracaq? Bu sual hələlik açıq qalır və məsələ müəmmalı xarakter daşıyır”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600