!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın məkrli planı - Osmanlıya qarşı erməni kartı

!Reklam – Yazi

Erməni ideoloqları və onların havadarları artıq bir əsrdir ki, dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində “zavallı” erməni xalqına qarşı dövlət səviyyəsində qırğın törədilib. Ermənilər məkrli iddialarını tanıtmaq üçün hələ sovetlər birliyi dövründən fəal iş aparıb, qondarma soyqırım qurbanlarına abidələr ucaldıblar. SSRİ rəhbərliyinin bu məsələdə maraqlı olması erməni şovinistlərini daha da ruhlandırıb, “soyqırım” kampaniyasının sistemli şəkildə aparılmasına imkan yaradıb. SSRİ dağılana qədər bu təbliğat bilavasitə Türkiyə Respublikasına qarşı yönəlsə də, dolayı yolla bu məsələdə bütün türk- müsəlman dünyası günahlandırılırdı. Qondarma erməni soyqırımı məsələsinin harada və necə müzakirə edilməsindən asılı olmayaraq, ümumilikdə bu mövzu həm Türkiyə, həm də Azərbaycana qarşı yönəlmiş bir mövzudur. Əslində, ötən əsrin 80-ci illərinin ortalarından Azərbaycana qarşı başlanmış növbəti ərazi iddiaları da məhz bu məkrli kampaniyanın məntiqi nəticəsi olub.

Qondarma “erməni soyqırım”ı ilə bağlı Yenicag.az-ın suallarını AMEA Elm Tarixi institutunun “Tarixşünaslıq və Mənbəşünaslıq” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov cavablandırıb.

– Ermənilər təbii ki, özbaşına iş görə bilməzdi. Onların əsas havadarları kimlər idi və məqsəd nə idi?

– Tarixi tədqiqatlar göstərir ki, istər çar Rusiyası və istərsə də onun sonrakı varisləri – Sovetlər Birliyi və Rusiya Federasiyası hər zaman özünün siyasi, iqtisadi və regional maraqlarını müdafiə etmək, strateji planlarını gerçəkləşdirmək üçün həm Qafqaz regionunda, həm də Osmanlı imperiyasının ərazilərində bir sıra planlar həyata keçirməyə çalışıb. Belə planlar içərisində “xristian həmrəliyi” hər zaman açıq və gizli şəkildə dövlət rəsmiləri tərəfindən müdafiə olunurdu. Əslində, bu hədəf “türk təhlükəsi problemi”nə qarşı irəli sürülmüşdü. Belə hesab olunurdu ki, qonşu türk dövlətlərinin həmrəyliyinin hər zaman təhlükə altında saxlanılmasında “xristian həmrəyliyi” və onun tərkib hissəsi kimi nəzərdən keçirilən “erməni məsələsi” kifayət qədər uğurlu bir siyasətdir. Elə bu məqsədlə də çar Rusiyası zaman-zaman öz hədəfinə yetişmək – Osmanlı imperiyasını əsas strateji dayaq nöqtələrindən uzaqlaşdırmaq, dünya bazarlarına çıxışını təmin etmək üçün “erməni məsələsi”ndən məharətlə istifadə edib. Heç təsadüfi deyildir ki, çar I Pyotr “Vəsiyyətnamə”sində də yuxarıda sadaladığımız amilləri çox qəti şəkildə qoyurdu: “Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və vaxtında çalışıb, İstanbula sahib olan şah, dünyada ilahi şah olacaqdır. Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır…Ancaq Türkiyə dövləti məhv olmadan, İranın canını almağımız məsləhət deyildir… Hindistanın açarı Türkiyənin paytaxtıdır…” . Bəli, buradan aydın olduğu kimi, əsas hədəf Osmanlı imperiyasını parçalamaq və bu məqsədə nail olmaq üçün “xristian həmrəyli şüarları”nı əldə bayraq etmək idi və bu siyasət hazırda da davam etməkdədir.

– Ermənilər üçün əsas təkan nə oldu?

– Birinci dünya müharibəsi ərəfəsində II Nikolayın Qafqaza gəlişi və ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləşdirdi. Çar Tiflisdəki nitqini: “Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin. Çar hökumətinin himayəsi altında qan qardaşlarımızla birləşərək, nəhayət, hürriyyət və ədalət nemətlərinə qovuşacaqsınız. Ermənilərin sədaqətinə inanıram, erməni xalqını xoş gələcək gözləyir. Sizi əmin edirəm, arzunuz yerinə yetiriləcək!”, kəlmələri ilə bitirdi. Beləliklə, II Nikolayın bu qərəzli və təhrikedici çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirak etməsini təmin etdi. Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni ideoloqları erməni kilsəsindən xeyir-dua aldılar.

Artıq çar hökumətinin bu təbliğat maşınının ilkin nəticələri Birinci dünya müharibəsinin başlanması ilə bir daha aydınlaşdı. Belə ki, 1914-cü ilin noyabrın 1-də rus ordusunun Qafqaz istiqamətində Osmanlı sərhədlərini keçməsi Osmanlı ərazilərində yaşayan erməniləri fəal hərəkətə keçirdi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir günahı olmayan 100 minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. 1915-ci ilin yanvarında Sarıqamış rus qoşunları tərəfindən ələ keçirildikdən sonra kütləvi qrığınların miqyası daha geniş şəkil almağa başladı. Rus birlikləri ilə hərəkət edən erməni dəstələri Qars, Ərdəhan və ətraf bölgələrdə öldürülən türk-müsəlmanların sayı 30 min nəfər çatırdı. Beləliklə, məlumatlar göstərir ki, çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına təminat verməklə, Osmanlı dövlətinin tərkibində olan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdir. Bu şirin vədlərdən ruhlanan erməni quldur dəstələri isə Şərqi Anadoluda müsəlmanların kütləvi qırğını üçün fəal hərəkətə keçdilər.

– Buna cavab olaraq Osmanlı dövləti hansı addımlar atdı?

– Yaranmış vəziyyətin ciddiliyini nəzərə alan Osmanlı hökuməti Şərqi Anadolunun Rusiyanın nəzarəti altına keçməsindən ehtiyat edərək, qabaqlayıcı tədbirlərə əl atmalı oldu. Birinci dünya müharibəsi illərində Osmanlı dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə də bir daha əmin oldu ki, ermənilər müharibə başlanacaq təqdirdə Osmanlı dövlətini müdafiə etməyəcəklər. Məlumat üçün onu da qeyd edək ki, Osmanlı hökuməti ermənilərin bu kimi xəyanətləri ilə artıq tanış idi. Osmanlı erməniləri, xüsusilə də onların dini qurumları və başbilənləri hələ “93 hərbi” (red. 1877-1878-ci illər rus-türk müharibəsi nəzərdə tutulur) öncəsi tarixi seçim qarşısında qaldılar. Belə ki, onlar ya Osmanlı dövlətinə sadiq qalmalı, ya da imperatoluğun digər xristian toplumlarının yolu ilə gedərək Avropa dövlətlərinin Türkiyənin daxili işlərinə müdaxiləsinə nail olmalı idilər. Şübhəsiz ki, erməni xisləti burada da sakit dayanmadı. Doğrudur, İstanbul erməni patriarxlığının müharibə ərəfəsində tərəddüdləri ilk baxışda elə fikir formalaşdırırdı ki, sanki onlar Osmanlı dövlətini istənilən təcavüzə qarşı müdafiə etməyə hazırdırlar. Belə ki, müharibə ərəfəsində Osmanlı baş vəziri, məşhur Midhət Paşanın sədrliyi ilə keçirilən N.İqnatyevin sərt ahəngli ultimatumunu və onun rədd ediləcəyi təqdirdə başlanacaq hərbin səbəb ola biləcəyi fəlakətləri müzakirə edən toplantıda erməni patriarxı həyəcanla demişdir: “Əgər bu çox böyük dövlətin yıxılması alın yazısıdırsa, bizlər onun xarabalıqları altında basdırılmağı özümüzə vəzifə bilirik. Şərəf və namusla ölmək xəcalət içində yaşamaqdan yaxşıdır”. Hətta Rusiyanın Osmanlıya müharibə elan etməsi ilə əlaqədar olaraq parlamentdə müharibəyə qatılmağa dair çıxarılan qərar (25 aprel 1877) erməni millət vəkilləri tərəfindən hərarətli alqışlarla qarşılandı. Onlardan Hələbdən olan millət vəkili Manon əfəndinin “biz xristian erməni olduğumuza görə elan edirəm ki, Rusiyanın köməyinə möhtac deyilik, Rusiyanın himayəsini qətiyyən qəbul etmərik və ona möhtac da deyilik, biz heç bir zaman müsəlman qardaşlarımızdan ayrılmadıq və ayrılmayacağıq” deməsi də bütün şübhələri sanki aradan qaldırırdı. Ancaq hadisələrin sonrakı gedişatı da göstərdi ki, ermənilərin bu “sədaqət andı”, əslində, həqiqətdən çox-çox uzaqdır. Elə müharibə başlayan kimi ermənilərin rus orduları sırasında vuruşması, kəşfiyyat məlumatları ötürməsi qısa zaman ərzində rus qoşunlarının 1877-1878-ci illər rus-türk müharibəsinin gedişində Ədirnəyə qədər irəliləməsinə şərait yaradıb.

– 1915-ci il 24 aprel tarixli “Təhcir qanunu”nu doğuran amillər?

– Ermənilərin xəyanətləri ilə yaxından tanış olan Osmanlı hökuməti Şərqi Anadolu ərazilərinin təhlükəsizliyini təmin etmək üçün 1915-ci il aprelin 24-də “Təhcir haqqında qanun” qəbul etməyə məcbur oldu. “Təhcir” ərəbcə köçmə mənasını verir. Bəzi tarixçilər bu kəlməni “deportasiya” mənasında işlədirlər, lakin təhcir ilə sürgün arasında fərq vardır. Təhcir fərmanı ilə yerini dəyişən şəxs köçdüyü yeni ərazidə sərbəst yaşaya bilər, sürgün edilən şəxs isə məhdud bir ərazidə, həbsxana və ya düşərgələrdə qapalı şəkildə yaşamalıdır.

1915-ci il 27 may tarixindən etibarən qüvvəyə minən bu qərar Şərqi Anadolu ərazisində daima problem yaradan, xarici qüvvələrlə işbirliyinə girən və əsgəri baxımından böyük təhlükə törədən əhalini öz təhlükəsizlikləri baxımından da daha etibarlı və idarəçilik baxımından da rahat olan ərazilərə köçürülməsindən bəhs edirdi. Göründüyü kimi, qanunda “erməni” kəlməsi işlədilməyib. Bu qanun silahlı üsyan edənləri, düşmənlə əməkdaşlığa girərək casusluq və xainlik edənləri hərbi anlayışlarla müharibə ərazisindən uzaqlaşdırılmaq üçün qəbul edilib. Digər tərəfdən, təkcə qanunun bu tərəfi ilə erməni ideoloqları və onların havadarlarının iddialarını alt-üst etmək olur.

Bu təhcir qanununun əsas liderlərdən olan, məhz buna görə erməni terrorçusu tərəfindən qətlə yetirilən Osmanlı dövlətinin Daxili İşlər Naziri Tələt Paşa bu köçürülmənin səbəblərini aşağıdakı kimi şərh edib: “Osmanlı dövlətinin bütünlüyü və dövlətin əleyhinə çalışan Avropalı dövlətlərin şirin vədləri ermənilər arasında gündən-günə genişlənməkdədir. Bu vədlərdən ruhlanan erməni icmaları silahlı üsyan şəklində dövlətin bütölüyünü təhlükə altına alır, dövlətin arzu etmədiyi bir çox hadisələrə yol açır. Xalqın və dövlətin birliyini qorumaq üçün erməni, rum və ərəblər Ərzurum, Van, Bitlis vilayətləri ilə, Adana, Sis, Mersin, Maraş və Hələbin mərkəzi müstəsna olmaqla, Adana, Mersin, Kozan livaları ilə Maraş sancağı, mərkəz qəzaları istisna olmaqla İskəndərun, Beylan və Antakya qəzalarının kənd və qəsəbələrində təhlükəli görülən ermənilər Suriya və İraqın şimalına – Urfa, Zor, Hələb, Harran, Mosul, Diyarbəkir və Cizrə bölgələrinə köçürülüb”. Tələt paşanın təhcir qanunu ilə bağlı izahından görünür ki, silahlı üsyan edənlər, dövlətin bütövlüyünə zərbə vurulması daha çox imperiyanın erməni əhalisi arasında müşahidə olunurdu. Buradan isə Şərqi Anadoluda yaşayan ermənilərin Osmanlı imperiyasının daxili rayonlarına köçürülməsinin bir neçə səbəbini izah etmək olur. Əvvəla, Osmanlı dövlətinin bütövlüyünə qarşı çıxış edən ermənilər silaha sarıldılar və rus qoşunları sərhədi keçər-keçməz onlara qoşulmuşdular. İkincisi, bütün Osmanlı qüvvələri cəbhədə düşmən qüvvələri ilə savaşdığı halda, imperiyanın erməni əhalisi üsyan və terrora əl ataraq, dövləti düşmənə təslim etmək yolunu tutmuşdular. Nəhayət, ermənilərin bu köçürülməsinin əsas günahkarları erməni millətçiləridir ki, onlar rus ordusunun sıralarında müharibəyə qatılmaqla, əslində, özləri üçün çətin vəziyyət yaratdılar.

– Ermənilər bunu başqa yönə çəkdilər və baş verən hadisələri Türkiyənin əlehinə çevirməyə cəhd etdilər.

– Doğrudur. Erməni millətçiləri sübut etmək istəyirlər ki, Osmanlı hökumətinin bu qərarı ilə etnik təməziləmə siyasəti aparıb, birinci dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan artıq erməni öldürülüb. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində ermənilərin 2.5milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə müharibəyə qədər “Vilayəti-Sittə”də (red. Şərqi Anadoluda) müsəlmanlar da daxil olmaqla 3.500.000 əhali yaşayırdı ki, bunlardan da Türkiyənin şərqində 800.000 və Anadolunun digər bölgələrində 450.000-i erməni idi. Beləliklə də rəsmi məlumatlar göstərir ki, bütün imperiya ərazisində 1.250.000 nəfər erməni yaşayırdı. Deməli, ermənilərin iddia elədiyi əhalinin yalnız üçdə biri döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Belə olan halda isə 1 milyondan artıq erməninin Osmanlı ərazisində kütləvi qırğını gülünc doğurur. Qeyd etdiyimiz bu fikirlər isə erməni nümayəndə heyətinin rəhbəri Boqos Nübar paşanın 1918-ci ildə Fransa Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Moiser Goutaya göndərdiyi məlumatında isə daha aydın görünür. Nübar paşaya görə, sürgün edilənlərin ümumi sayı 600-700 min nəfər idi. Osmanlı arxiv sənədləri isə təhcir edilən ermənilərin sayını 478.758 nəfər olduğunu göstərir. Burada isə Nuru Paşanın aşağıdakı sözləri yerinə düşür: “Erməninin nə vaxt və necə, harada ölməsindən asılı olmayaraq başını məzardan qaldırır və qışqırır: mən kütləvi qırğın zamanı öldürülmüşəm”.Yuxarıda saydığımız faktlar bir daha onu əminliklə deməyə əsas verir ki, Osmanlı hökumətinin məlum qərarı ilə heç bir fiziki məhvolma – soyqırımdan söhbət getmirdi, rəsmi sənədlərdə isə erməni ideoloqlarının bütün dünyanı inandırmağa çalışdığı “ermənilərin kütləvi şəkildə öldürülməsi” deyil, “silahlı üsyan edənləri, düşmənlə əməkdaşlığa girərək casusluq edənlərin köçürülməsi” əksini tapıb.

1915-ci il 1 may tarixində Osmanlı hökumətinin Daxili İşlər Nazirliyindən Baş Bakanlığa göndərilmiş məlumatdan isə aydın olur ki, müharibənin davam etməsi, mülki müsəlman əhalisinə qarşı kütləvi qətllərin və terror aktlarının sayı durmadan artır, qiyamçı dəstələrin böyük əksəriyyəti ermənilərdən ibarətdir. Qiyamçı erməni dəstələrinin Van, Bitlis, Ərzurum, Adana, Sis, Mərsin, İsgəndərun və Antakyadan ölkənin cənub vilayətlərinə köçürülməsi xahiş olunurdu. 1915-ci il 30 may tarixli məlumatda isə köçürülən ermənilərin məskunlaşdırılması, onların iaşə və tibbi məsələlərinin həlli tələb edilirdi. Osmanlı hökumətinin 1 iyun 1915-ci il tarixli digər bir məlumatından isə orduya zərər verilməsinin qarşısının alınması üçün “erməni əsgərlərinin döyüş birləşmələrindən çıxarılaraq təchizat birləşmələrinə göndərilməsi və cəbhə bölgəsində məskunlaşmış ermənilərin İraqa köçürülməsi” aydın olur. Deməli, Osmanlı hökumətinin 1915-ci il 24 aprel tarixli “Təhcir qanunu”da təhlükəli hesab olunan qiyamçı dəstələr, dövlətə xəyanət edilməsi daha çox ermənilər arasında müşahidə edilirdi.

Başbakanılk Osmanlı Arxivinin sənədləri təhcir zamanı ölənlərin sayı barədə də məlumat verib. Təhcir əsnasında köçürülən 478. 758 ermənidən 382.148 nəfəri köçürülən bölgələrə gəlib çatıb. Müharibə şəraitinin çətinlikləri, ağır yol həyatı, xəstəliklər və bu kimi səbəblərdən ölən ermənilərin sayı 200 min nəfərə yaxın idi.

Bütün bu gerçəkliklərin işığında isə təhcir əsnasında ölən ermənilərin 1.200.000 kimi rəqəmlərlə ifadəsinin nə dərəcədə şişirdilmiş, elmi əsaslara söykənməyən və təbliğat xarakteri daşıyaraq ilbəil sayının artırılması aydın olur.

– Qərbin və Rusiyanın bətnində böyüyüb doğulan qondarma “erməni soyqırımı”nın siyasi motivləri hansılardı?

– Qərbin və Rusiyanın qondarma “erməni soyqırımı”nı yuxarıda sadaladığımız tarixi həqiqətlərin çərçivəsindən çıxardaraq siyasiləşdirməsi planlarına nəzər salaq:

Qondarma “erməni soyqırımı” məsələsinin harada və necə müzakirə edilməsindən asılı olmayaraq, ümumilikdə bu mövzu həm Türkiyəyə, həm də Azərbaycana qarşı yönəlmiş bir mövzudur. Bu iddialar həqiqətdən uzaq olmaqla bərabər, erməni lobbisinin, Ermənistan dövlətinin və onlara havadarlıq edən bəzi imperialist güclərin siyasi ambisiyalarına xidmət edir. Siyasətçilərin tarixə müdaxilə etməsi isə saxtakarlıqla müşayiət olunur. Əgər belə olmasaydı, erməni-daşnak terrorçularının törətdiklərini demirəm, sənədlərlə bağlı cinayətlərini belə müdafiə etməzdilər. Axı sənədlərin saxtalaşdırılmasının özü də dövləti cinayətdir. Hər bir dövlətin cinayət məcəlləsində saxtakarlara qarşı maddə, cinayət məsuliyyətinə cəlbolunma tələbləri var. Bəs görəsən, həmin ölkələrin qanun keşikçiləri nə üçün erməni saxtakarlığına hüquqi qiymət vermirlər?! Nə üçün özlərini sivil ölkə adlandıran, demokratiyanın flaqman hökumətləri, onun ali qanunvericilik orqanları – parlamentləri ermənilərin törətdikləri cinayətləri müdafiə edirlər?!

– Qərbdə, xüsusən ABŞ-da hər prezident seçkiləri zamanı ermənilərin soyqırımla bağlı ümidləri olur.

– Bəli, bu gün “erməni məsələsi” ABŞ-da prezident seckilərində namizədlər üçün səs toplamaq vasitəsinə, senatorlar, konqresmenlər, qubernatorlar üçün isə varlı erməni diasporlarından və beynəlxalq təşkilatlardan pul çəkmək məsələsində bir oyuna çevrilib. Hər il aprel ayının 24-də dünyanın aparıcı ölkələrində əlləri yüz minlərlə türkün qanına boyanan, qatı şovinistliyi ilə tanınan, türk düşmənçiliyini dövlət siyasətinə çevirən erməni-daşnak faşistləri uydurma “erməni soyqırımı” yalanını təmtəraqlı şəkildə qeyd edirlər. Erməni millətini “məzlum”, “əzabkeş” qismində dünya birliyinə sırıyırlar. Sırıyırlar ona görə ki, məhz bu saxta obraz vasitəsilə hələ orta əsrlərdən özünün əzəməti, hegemonluğu ilə dünyaya meydan oxuyan, Avropanı diz çökdürən Osmanlı dövlətinin qüdrətini artıq I dünya müharibəsinin sonunda parçalayaraq öz istəklərinə nail olublar.

Bəs görəsən niyə xatırladılmır ki, XIX əsrin əvvəllərindən çar Rusiyası Cənubi Qafqazın işğalına başlaması ilə İrandan və Osmanlı imperiyasının ayrı-ayrı əyalətlərindən köçürülən ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilməklə imperiya maraqlarına uyğunlaşdırıldı? Niyə deyilmir ki, 1918-ci il mart günlərində təkcə Bakıda üç gün ərzində 11 min türk-müsəlman, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını, Quba qəzasında üst-üstə 16 mindən çox insanı, Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlı öldürüb bu torpaqları Rusiyanın tərkibinə qatmaq və ya hansısa uydurma monoetnik erməni dövləti yaratmaq hansı məntiqə sığır?!

Hələ 2005-ci ilin aprel ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq prezidenti R.Köçəryana müraciətlə qondarma “erməni soyqırımı” iddialarının araşdırılması üçün müştərək komissiyanın yaradılmasını, bu məsələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif etdi. Türkiyə Arxivləri İdarəsinin rəhbəri Yusuf Sarınay isə ermənilərin hər il aprelin 24-ü tarixini dünyaya “erməni soyqırım”ı günü kimi təqdim etmələrinin yalan olduğunu sübuta yetirmək məqsədilə Osmanlı dövrünə aid arxivlərin qapılarını dünya ölkələrinin tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan etdi. Bu təklifə indiyədək cavab verməyən ermənilərin real faktlara əsaslanmadığı, bu qondarma iddiadan ideoloji və siyasi məqsədlərlə yararlandığı indi dünya ictimaiyyətinə də yaxşı bəllidir. Deməli, qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə və bəyanat qəbul edən dövlətlərin nümayəndələri nə Türkiyə, nə digər Qərb dövlətlərinin arxivlərində olub, sadəcə, siyasi motivli qərəzli və ədalətsiz qərarı rəsmiləşdiriblər. Belə qərar qəbul edən dövlətlərin əksəriyyətinin Avropa Birliyinin üzvü olması da təsadüfi görünmür. Siyasi müşahidəçilərin fikrincə, həmin dövlətlər belə süni maneələrlə müsəlman dövləti olan Türkiyənin təşkilata gedən yoluna sipər çəkməyə, Avropa Birliyini “xristian klubu” kimi qoruyub saxlamağa çalışırlar. Bu da təsadüfi deyildir ki, hələ 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma “erməni soyqırımı”nı tanıyan Avropa Parlamenti 2005-ci ildə həmin ədalətsiz qərarını yeniləmiş, üstəlik Türkiyə hökuməti qarşısında Ermənistanla sərhədləri açmaq tələbini irəli sürüb. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri “soyqırım” kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilib. Doğrudur, direktiv Kopenhagen meyarlarından fərqli olaraq, Avropa Parlamentinin qərarları Türkiyə üçün tövsiyə xarakteri daşıyır. Amma son mərhələdə Türkiyənin təşkilata tamhüqüqlü üzvlüyünə səs verəcək qurum məhz Avropa Parlamenti olmalıdır. Əgər Türkiyə həmin mərhələyə qədər gedə biləcəksə, çox ehtimal ki, Ankaranın bu şərtləri yerinə yetirməsi tələb ediləcəkdir.

– Ümumiyyətlə, Qərb Dağlıq Qarabağ məsələsində də tərəfkeşlik edir.

– Bu məsələdən həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində bir vasitə kimi istifadə edirlər. Əgər belə olmasaydı, münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən, işğalçılıq siyasətindən əl çəkərdi. Çox təəssüf ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesindəarzu olunan nəticəni verməyib. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımır və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində deyil.

– Belə başa düşülür ki, bütün bunlar Azərbaycan və Türkiyəyə qarşı yönəlib.

– Elədir, xristian dünyasında qondarma “erməni soyqırımı” ilə bağlı başlanmış kampaniyanın kökündə Türkiyə və Azərbaycana təsir göstərmək, hər iki strateji müttəfiq ölkəni prinsipial mövqeyindən çəkindirmək niyyəti dayanır. Əvvəla, bu qondarma təbliğat yolu ilə hər il xristian dünyası ermənilərin XX əsrin əvvəllərində və sonlarında Anadolu və Azərbaycan türklərinə qarşı aparılan etnik təmizləmə siyasətini və soyqırımını pərdələyir. İkincisi, erməni-daşnak faşistləri Azərbaycan türklərinin soyqırımını davam etdirmək niyyətində olduqlarını numayiş etdirirlər. Üçüncüsü, uydurma soyqırımı dünya birliyinə tanıtmaqla Türkiyə Cümhuriyyətindən təzminat almaq, torpaq qoparmaq iddiasından əl çəkmək fikrində olmadıqlarını acıq-aydın bəyan edirlər.

Bu mənada “qondarma erməni soyqırımı” iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq.

Səxavət Məmməd

COP29

www.yenicag.az

5574
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv