“Lavrov tərəfləri provokasiyaya çəkir. Elə göstərirlər ki, sanki onlarsız məsələ həllini tapmayacaq”.
Bu sözləri Qarabağdakı vəziyyət, sosial şəbəkə və saytlarda yeni ərazilərin işğaldan azad olunması iddiasını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, sosial şəbəkə və media yazdıqları ilə görülən işlərə mane olurlar:
“Brüsseldə Azərbaycan, Ermənistan, Avropa Birliyi arasında görüş keçirildi. Düşünürəm ki, görüş effektiv oldu. Paşinyan Azərbaycan tərəfinin təqdim etdiyi beş prinsiplə razılaşdı. Razılaşmadan sonra erməni tərəfi qaldı kənarda, Lavrov bəyanatlar verməyə başladı. Lavrov açıq şəkildə deyir ki, Ermənistanı tək qoymayacaqlar, onların müdafiə qabiliyyətinin artırılması üçün dəstək olacaqlar.
İki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı komissiyanın yaradılması və işə başlaması yönündə razılaşma əldə olunub. Rusiya bütün bunlara baxmayaraq, Qarabağdan əl çəkmir.
Siyasi proseslərdən başqa, Azərbaycan ordusu Qarabağda öz işini görür. Mövqelərin yerdəyişməsi həyata keçirildiyi halda, mətbuat və sosial şəbəkələr şayiələr yayır. Hesab edirəm ki, bu, düzgün deyil. İndiki məqamda istər Rusiya, istər erməni mətbuatı bundan Azərbaycanın əleyhinə istifadə edir. Bəzi yerlərdə hərbi qulluqçularımız köhnə mövqeləri bərkidirlər. Bunu yeni ərazilər tutmaq kimi qeyd etmək olmaz”.
Səxavət Məmməd
www.yenicag.az