Böyük Britaniyanın nüfuzlu “The Sun” nəşri Amerika kəşfiyyat mənbələrinə istinadən bildirib ki, Rusiya bu il fevralın 16-sı səhər saat 04:00-da Ukraynaya tanklar, raketlər və 200 min əsgərlə hücum edəcək.
Rusiyanın Ukraynaya gözlənilən hücumu ilə bağlı politoloq Yeganə Hacıyeva öz fikirlərini Yenicag.az-la bölüşüb.
Onun sözlərinə görə, Putin Ukrayna məsələsində qarşısında qoyduğu məqsədə sona qədər gedəcək:
“Putinin Ukrayna məsələsində geri çəkiləcəyi gözlənilmir. Əgər Putin geri addım atarsa, daxildə onun qorxduğunu düşünəcəklər. Nəticədə ölkədaxili siyasi müxalif qruplar Putinin qorxaq olmasına dair təbliğata başlayacaqlar. Ona görə də Putin bu təbliğatın reallaşmasına imkan verməyəcək. Digər tərəfdən, Qazaxıstan prosesləri Rusiyanın istənilən ölkəyə qoşunlarını yeridə biləcəyini və siyasi elita daxili hesablaşmaları öz hesabına dəyişə biləcəyini göstərdi. Ukraynada proseslər bu cür olacaq. Belə ki, Rusiya bir neçə günlük hərbi əməliyyatlarla Ukraynada mövcud prezidenti devirəcək və onun əvəzinə öz favoritini hakimiyyətə gətirəcək. Əsas məsələ odur ki, Rusiya daxildə bir ideoloji boşluq yaşayır. Rusiya bir neçə il öncə SSRİ-ni bərpa etmək tezisi üzrə hərəkət edirdisə, 2020-ci ildən etibrən bu tezis dəyişib. Moskva indi daha çox Kiyev dövlətini geri qaytarmaq ideologiyasına köklənib. Bu baxımdan proseslər Rusiyanın istəyinə uyğun davam edəcək”.
Ukrayna məsələsinin Rusiyaya mümkün təsirlərinə də toxunan Yeganə Hacıyeva qeyd edib ki, Putinin atdığı addım gələcəkdə rus əhalisinin sosial, iqtisadi vəziyyətinə mənfi təsir göstərəcək:
“Qısamüddətli dəyərləndirmədə Putin güclü bir lider kimi tanınacaq. Belə ki, Putinin dövlətinin maraqlarını qoruduğu göstərişi nümayiş olunacaq və bu, daxildə Putinin reytinqini qaldıracaq. Seçki öncəsi bu amil Putin üçün çox vacibdir. Uzunmüddətli hesabda isə Rusiyanın beynəlxalq hüquqa hörmət etməyən, istədiyi ölkənin ərazisinə soxulan, beynəlxalq konvensiyaları heçə sayan bir dövlət obrazı formalaşacaq. Bu, Rusiyanın müəyyən məhdudiyyətlərlə üzləşməsinə səbəb olacaq”.
Gülşən Şərif
www.yenicag.az