Rusiyanın Ukraynaya diktə etdiyi şərtlər: "Bu tələblərin qəbul edilməsi..."
“Ukraynanın bu şərtləri yerinə yetirməsi parçalanmasının və suverenliyinin itirilməsinin rəsmiləşdirilməsi deməkdir”.
Bu fikirləri politoloq Aytən Qurbanova Yenicag.az-a açıqlamasında səsləndirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna ilə müharibəyə son qoymaq üçün təklif etdiyi şərtləri şərh edən Aytən Qurbanova rəsmi Kiyevin bu müddəaları qəbul etməsinin mümkünsüz olduğunu bildirib:
“Rusiyanın atəşkəslə bağlı şərtləri ilə Ukraynanın razılaşması suverenliyin tamamilə itirilməsi deməkdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qeyd etdiyi şərtlərə nəzər yetirdikdə aydın şəkildə müşahidə etmək mümkündür ki, Rusiya nəinki işğal etdiyi ərazilərdən çıxmaq istəmir, əksinə, bu ərazilərin işğalını legitimləşdirməyi hədəfləyir. Eləcə də müharibənin başlama səbəbi olaraq elan etdiyi hədəflərdə də heç bir dəyişiklik ifadə edilmir. Paralel olaraq Ukraynanın hərbsizləşdirilməsi tələbi də açıq şəkildə qeyd edilib. Yəni bu tələblərin Ukrayna tərəfindən qəbul edilməsi üç ildir davam edən müharibənin səbəblərini birtərəfli qaydada rədd etmək deməkdir.
Ukraynanın ərazi bütövlüyü və suverenliyi anlayışını gözardı edən bu şərtlərin qəbul edilməsi heç bir halda mümkün ehtimal olaraq dəyərləndirilə bilməz. Çünki bu, birbaşa olaraq Ukraynanın parçalanmasının və suverenliyinin itirilməsinin rəsmiləşdirilməsi deməkdir”.