“Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi distributoru olan “Auto Azerbaijan” şirkəti Bakının Babək prospektində “Ərgünəş” Kiçik Müəssisəsinə məxsus olan qeyri-yaşayış sahəsini söküb, amma pulunu verməkdən hələ də imtina edir.
Yenicag.az xəbər verir ki, bu barədə “Ərgünəş” KM-in direktoru Qəzənfər Fətullayevin virtualaz.org saytına daxil olmuş şikayətində bildirilir.
Q.Fətullayevin müraciətində deyilir ki, onun təsisçisi və direktoru olduğu “Ərgünəş” KM uzun illər qanuni əsaslarla Bakının Nizami rayonu, Ə.Nəvai küçəsi, 1 saylı ünvanda yerləşən Qazan Mexaniki Zavoduna məxsus 2 mərtəbəli qeyri yaşayış sahəsinin (zavodun idarə binasının) 1-ci mərtəbəsində 30,5 kv.m-lik qeyri yaşayış sahəsində fəaliyyət göstərib. 1998-ci ildə həmin qeyri-yaşayış sahəsi “Ərgünəş” KM tərəfindən satın alınıb və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən şirkətə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmasını təsdiq edən mülkiyyət şəhadətnaməsi verilib.
2013-cü ildə “Auto Azerbaijan” MMC Bakı Qazan Mexaniki Zavoduna məxsus idarə binasını hasara alaraq sökməyə başlayıb. Bunu görən Q.Fətullayev binada yerləşən, iki otaqdan ibarət olan və həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət sənədini “Auto Azerbaijan” MMC-nin rəhbərliyinə təqdim edib. Bildirib ki, mülkiyyətin hüquqi müqəddəratı həll edilmədən onun sökülməsi yolverilməzdir.
Q.Fətullayevin bildirdiyinə görə onun müəssisəsi həmin qeyri-yaşayış sahəsində nəşriyyat işi ilə məşğul olurdu və bu müəssisədən iki ailə dolanırdı.
Şikayətçi məlumat verir ki, “Auto Azerbaijan” MMC-nin təsisçiləri 3 İran vətandaşıdır: Abroumand
Azar Saeid Ghorbanali, Mohaghegh Eromi Omid Nader və Mohaghegh Eromi Amid Nader.
Bir neçə gün sonra şirkətin iki nümayəndəsi – Vüqar Hüseynbəyli və Firdovsi Vəliyev Q.Fətullayevlə görüşüblər. Ona şəhərin ən gur prospektlərindən birində, yol kənarında yerləşən, yəni kommersiya əhəmiyyətli qeyri-yaşayış sahəsinə görə cəmi 15 min manat təklif ediblər. Mülkiyyətin sahibi bu təkliflə razılaşmayıb, çünki şəhərin bu hissəsində eyni ölçülü qeyri-yaşayış sahəsinin bazar dəyəri həmin məbləğdən dəfələrlə yuxarıdır.
“Razılaşmadığımı görüb mənə hədə-qorxu gəldilər, heç kimdən qorxmadıqlarını və istənilən məhkəmədə “Auto Azerbaijan” şirkətinin xeyrinə istənilən qərarın çıxarılmasına nail olacaqlarını dedilər. Nəhayət mülkiyyət hüquqmuzu tapdalayaraq əmlakımı darmadağın etdilər, mənə külli miqdarda ziyan vurdular”-müraciətdə deyilir.
Q.Fətullayev bildirir ki, 2013-cü ildən bəri “Auto Azerbaijan” şirkətinin ona məxsus mülkiyyəti dağıtmasına görə müxtəlif instansiyalara, hüquq-mühafizə orqanlarına da şikayət edib. Amma qanun pozuntusunun qarşısı alınmayıb. “Auto Azerbaijan” şirkəti Fətullayevin müəssisəsinə aid olan mülkiyyətin dəyərini ödəməkdən imtina edib və şikayətçinin bildirdiyi kimi, “heç kimi saymır”.
Əlbətdə, belə vəziyyətdə “Ərgünəş” KM məhkəməyə müraciət etməli olur və Bakı Apellyasiya Məhkəməsi 2018-ci ilin avqustunda “Auto Azerbaijan” şirkəti tərəfindən iddiaçının mülkiyyətinin sökülməsi nəticəsində yerində yeni qeyri-yaşayış sahəsinin tikintisinin aparılmasını qadağan edir. Habelə şirkətin bəzi əmlakına həbs qoyulmasına qərar verilir. Buna baxmayaraq həmin hökm də hələ icra edilməmiş qalır, Q.Fətullayev deyir ki, hazırda “Auto Azerbaijan” sökdüyü binanın yerində “nəsə iri obyekt” tikir …
“Auto Azerbaijan” MMC “NAB Holding” şirkətlər qrupunun tərkibinə daxildir. Bu holdinqin səhmlərinin bir hissəsi ABŞ-ın tətbiq etdiyi sanksiyaları pozaraq İran pullarının “yuyulmasını” həyata keçirdiyi üçün Birləşmiş Ştatlarda həbs edilən, daha sonra FTB ilə anlaşıb yüngül cəza alan azərbaycan əsilli iranlı milyarder, qızıl alverçisi Rza Zərrabın bacısının əri Şəhram Oromiyə məxsusdur. Oromilər Azərbaycanda geniş biznes imkanlarına sahibdir.
“Auto Azerbaijan” şirkətinin təsisçiləri arasında yer alan Omid Mohaghegh Oromi isə Rza Zərrabın əmisidir. Şəhram Mohaghegh Oromi onun oğludur. Yəni Rza Zərrabın bacısının öz əmisi oğlu ilə evləndiyi müəyyən olunur. Rza Zərrabın barəsində Türkiyədə qaldırılmış cinayət işi çərçivəsində onun aktivlərinə həbs qoyulması məsələsi gündəmə gələndə “NAB Holding”in də adı çəkilirdi. O zaman Şəhram Oromi bildirmişdi ki, Rza Zərrabla heç bir biznes əlaqələrinə malik deyil. Daha sonra Şəhram Orominin holdinqin İdarə Heyətindən çıxdığı bildirilirdi.
www.yenicag.az