Saakaşvili əfsanəsi geri dönür
“Nəzəri baxımdan Saakaşvili yenidən hakimiyyətə dönə bilər”-politoloq Tofiq Abbasov belə düşünür.
Politoloq “İndi Qərb tərəfindən himayə edilən qüvvələr bir növ revanş fikri ilə yenidən üstünlüyü ələ keçirmək planları üzərində çalışırlar. Lakin qərbpərəst düşərgədə artıq yeni personalar peyda olunur. Bu baxımdan Saakaşvilinin əsas vəzifəsi ondan ibarətdir ki, həmin qüvvələrlə ortaq məxrəc tapıb yeni qayıdış strategiyasına dəstək alsın”-deyə qeyd edir.
“Nəzərə alanda ki, yeni liderlər sırasında vaxtı ilə məhz Saakaşvilinin repressiyalarından ölkəni tərk etmiş siyasi simalar da var, vahid qərbyönlü dəstəni qurmaq bir o qədər də asan olmayacaq. Məsələn, İrakli Alasaniya artıq özünü qərbpərəst qüvvələrin vahid lideri kimi qələmə verir. Bu həmin Alasaniyadir ki, onunla Saakaşvili arasında çox gərgin münasibətlər mövcuddur”.
“Lakin problemin kökündə duran bir məqam -Vaşinqton var qüvvə ilə çalışacaq ki, növbəti parlament seçkilərində Ivanişvili-Qaribaşvili tandemi məğlub olsun. Bu baş verdiyi təqdirdə Saakaşvilinin şansları artacaq. Lakin onun qayıdışının müqəddəratını ölkə daxilindəki siyasilərin konsensus imkanlari həll edəcək”. “Saakaşvili əgər daha çevik olub manevr imkanlarına malik cinahlara yol tapa bilsə onda onun şansları xeyli artacaq. Sabiq prezident ölkədə olmasa da postsovet məkanını tərk etməyib. Ukraynada fəaliyyət göstərməklə də öz ölkəsində gedən proseslərə nüfuz edə bilir. Bu onun üçün çox vacib olan imkandır”- deyə Tofiq Abbasov sözlərinə əlavə edib.
Kamran