Azərbaycan Mərkəzi Bankı (AMB) sabah ölkədə devalvasiya ilə bağlı söz-söhbətə son qoyub.
Yenicag.az xəbər verir ki, qurum təcili olaraq (ənənəvi vaxtından təxminən 2 saat əvvəl) ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsini açıqlayıb.
AMB sabah və oktyabrın 2-də 1 dolların 1,7002 manata bərabər olacağını bəyan edib. Bu, son 3 günün məzənnəsi ilə eynidir.
Xatırladaq ki, AMB ötən gün ölkədə fəaliyyət göstərən kommersiya banklarına müraciət edib. Müraciət qurumun İdarə Heyəti sədrinin I müavini Alim Quliyevin adından milli ödəniş sisteminin iştirakçılarına ünvanlanıb.
Müraciətdə deyilir ki, dövlər büdcəsində daxilolmaların və xərclərin kütləviliyi, hesablaşmaların başa çatdırılmasının zəruriliyi nəzərə alınaraq ölkədə daxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədi ilə sabah bank sistemi üçün rəsmi iş gün elan olunub. Ödəniş sistemləri üzrə 30 sentyabr 2017-ci il yeni əməliyyat günü hesab edilir. Bu xəbər əhali arasında sabah manatın kəskin şəkildə dəyərdən düşə biləcəyi fikri yaradıb. Çünki, milli valyutanın 2015-ci il fevralın 21-də həyata keçirilmiş 34%-lik ucuzlaşdırılması məhz şənbə gününə təsadüf edib.
www.yenicag.az