Sabiq müdafiə nazirinin MƏHKƏMƏSİ YEKUNLAŞIR – 7 milyardlıq İTTİHAM
Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın işi üzrə məhkəmə prosesi yaxın günlərdə yekun mərhələyə keçəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, qapalı keçirilən son məhkəmə iclasında müdafiə tərəfi raketlərə dair aparılmış ekspertiza nəticələrinin şübhəli və etibarsız olduğunu bildirib. Vəkillər həmin raketlərin yenidən ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıblar. Lakin prosesə sədrlik edən hakim Vahe Dolmazyan bu vəsatəti təmin etməyib. Qərarın hansı məntiqlə qəbul olunduğu aydın deyil, bəzi məlumatlara görə, bu, siyasi qərarla bağlı ola bilər.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti daha əvvəl yaydığı məlumatda sabiq nazir David Tonoyanın xüsusilə böyük məbləğdə – 2 milyard 277 milyon 323 min 840 dram (təxminən 7 milyon 591 min 79 AZN – red.) vəsaiti mənimsəməkdə, saxtakarlıq və ictimai təhlükəli əməllər törətməkdə ittiham etdiyini açıqlamışdı.
Hazırda bu cinayət işi üzrə əsas təqsirləndirilən şəxslər sabiq müdafiə naziri David Tonoyan, Baş Qərargah rəisinin sabiq müavini Stepan Qalstyan, Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin sabiq rəisi, general-mayor Avetik Muradyan və keçmiş Baş Qərargah rəisi Artak Davtyandır.
Qeyd edək ki, bu iş artıq təxminən üç ildir Antikorrupsiya Məhkəməsində araşdırılır.
Rafi Müslümov