“Bəzi müəllimlər özlərinin sinifdaxili idarəçilik səlahiyyətindən istifadə etməklə şagirdlərdə izafi, lazımsız yüklənməni yaradırlar”
Bu fikirləri Yenicag.az-a açıqlamasında orta məktəblərdə şagirdlərin dərs yükü və onların lazımsız tapşırıqlar ilə yüklənməsi barədə danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.
Onun sözlərinə görə, şagirdlərin dərs yükünün ağırlığı ilə bağlı zaman-zaman müzakirələr olunur.
“Bunun son iki, üç ildə səngidiyinin şahidi olmamışam. Burada valideyn tərəfini, təhsil ictimaiyyətini, bununla bağlı qərar verən şəxsləri də müəyyən dərəcədə haqlı hesab etmək olar. Hərəsinin özünə görə müəyyən arqumentləri var.
Valideynin arqumenti ondan ibarətdir ki, o təbii ki, övladının çox əziyyət çəkməsini, onun sabahkı dərsə hazırlaşan zaman həddindən artıq yorulduğunu, müəyyən bir gərginlik yaşadığını, psixoloji, zehni, bəzi hallarda fizioloji əziyyət çəkməyini istəmir. Amma təhsil sistemini də başa düşmək olar ki, bir tərəfdən dünya təhsili ilə ayaqlaşmadığımızı, digər tərəfdən, dünyanın xeyli irəlidə olduğunu deyirik. Onların tədris proqramları, inkişaf tempi bizdən çoxdur. Digər tərəfdən də deyirik ki, biz niyə bu qədər yüklənirik?” – deyə o bildirib.
Onun sözlərinə görə, məsələ ondan ibarətdir ki, yeni kurukulum sisteminin özünün müəyyən tələbləri, proqramı var.
“Bizim yüklənmə arealımız bu proqramla əhatə olunur. Burada çox vacib bir detalı isə deyim ki, burada yalnız şagirdlərlə bağlı danışıram. Abituriyentləri qəti nəzərdə tutmuram. 9, 10-11 siniflərlə bağlı danışanda bunu deyə bilərik, amma şagirdlə bağlı danışanda isə yüklənmə ilə bağlı bəzi detalları qarışdırmamalıyıq. Dərs yükü ilə bağlı narazı olarkən əsasən nəyi nəzərdə tuturuq?
Burada ümumi tədris proqramının özünü ağırlığını, özünün dərs yükü çoxluğunu, yoxsa əlavə törəmə dərslərin çoxluğu ilə bağlı seçim etməliyik. Baxın, mənim birinci variantla işim yoxdur, amma ikinci variantı həqiqətən də narazılıq obyekti ola bilər. Bəzi müəllimlər, məktəb rəhbərliyi çox təəssüf olsun ki, özlərindən yeni Amerika kəşf etmək, tədris proqramına guya öz aləmlərində əlavə bir rəng qatmaqda ötəri lazım olandan da çox vəsaitləri şagirddən tələb etməklə, onda əlavə yüklənmə əmələ gətirir. Mənim üçün məsələnin problematik tərəfi budur. Kimsə deyə bilər ki, ümumən tədris proqramının özü ağırdır. Mən bununla razı deyiləm. Dünya ölkələrindəki tədris proqramı bizim tədris proqramları ilə müqayisədə daha çətindir”, – deyə o əlavə edib.
E.Nuri qeyd edib ki, bəzi müəllimlərözlərinin sinifdaxili idarəçilik səlahiyyətindən istifadə etməklə şagirdlərdə izafi, lazımsız yüklənməni yaradırlar:
“Demək lazımdır ki, ay hörmətli müəllim, siz diqqətli olun, onsuz da bizim şagirdlərə əlavə materiallar yüklədikdə, xüsusi burada mənəvi və zehni məsuliyyət hiss etməliyik.
Başa düşmürəm, axı bu müəllimlər şagirdlərə əlavə vəsaitlərlə yükləməklə nəyi qəsd edirlər? Sanki hamısında psixoloji travmadır. Adi məktəbi qoyun bir kənara, tutaq ki, ingilis dili kursuna gedirsiniz və dili yaxşı öyrənmək isə iki ədəd vəsait bəs edir. Məsələn, Mörfi elementar qrammatikanı anlamaq və digər yardımçı vəsaitlə “listening” və “speaking”i inkişaf etdirmək üçün iki vəsait bəsinizdir. Müəllim özündən 10 ədəd ədəbiyyatı şagirdə yazdırır.
Birincisi, bunun maddi tərəfi də var. İnsanın aldığı maaşdan, onun sosial rifahından asılı olmayaraq, bir insan bir iki ədəbiyyata pul ayırırsa, biz onu ədəbiyyatın puluna xərcləməsinə məcbur edə bilmərik, çünki insan büdcəsi buna görədir. Həmçinin valideynlər də.
Əmin olmalıyıq ki, həqiqətən də bizdə elə ailələr var ki, bunlar da bir deyil, bir neçə uşaq oxuyur və hər uşaqla bağlı əlavə iki vəsait tələb olunsa, bu altı vəsait edir və hər vəsait altı manat eləsə, bu, 36 manat edir. 36 manat sıradan bir ailənin bəlkə də üç günlük ərzağını təmin edən bir rəqəmdir. Bundan əl çəkməliyik. Dediyim kimi, məsələ qruplaşmalıdır.
Dərs yükünün ağırlığını deyərkən birinci mənada ayırd etməliyik, nəyi nəzərdə tuturuq? Ümumən mərkəzləşdirilmiş vahid proqramın ağırlığını deyirik, yoxsa mərkəzləşdirilmiş vahid tədris proqramına edilən törəmələri nəzərdə tuturuq. Mənim üçün birinci detal problem səbəbi, göstəricisi deyil. Amma ikinci detal birbaşa problem göstəricisidir”.
İsmayıl Bakuvi
www.yenicag.az