Mənzillərə qaz çəkilişi DAYANDIRILIR: Paytaxtda yeni sistemə keçid - VİDEO
Bir zamanlar Bakı şəhəri geniş yaşıllıq əraziləri ilə seçilsə də, son 30 ildə aparılan intensiv söküntü və tikinti işləri nəticəsində paytaxtdakı yaşıllıqların böyük hissəsi çoxmənzilli yaşayış binaları və fərdi evlərlə əvəz olunub.
Mövzu ilə bağlı Yenicag.az–a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, hazırda qüvvədə olan şəhərsalma və tikinti normalarına əsasən, inşa olunan hər bir çoxmənzilli yaşayış binasının torpaq sahəsinin azı 30 faizi yaşıllıq ərazisi kimi nəzərdə tutulmalıdır:
“Bu tələblər ekoloji tarazlığın qorunması və paytaxtın yenidən yaşıllaşdırılması məqsədi daşıyır. Lakin əvvəlki illərdə bu qaydalara ciddi əməl olunmaması Bakıda yaşıllıq sahələrinin kəskin azalmasına səbəb olub”.
Ekspertin sözlərinə görə, ekoloji problemlərə təsir edən əsas amillərdən biri də yeni yaşayış binalarında tətbiq olunan fərdi istilik sistemləridir. Hazırda təkcə Bakı şəhərində 3 mindən artıq yeni çoxmənzilli bina mövcuddur və onların əksəriyyətində mənzillər kombi aparatları vasitəsilə qızdırılır:
“Kombi sistemlərindən istifadə zamanı atmosferə atılan zəhərli qazlar birbaşa ekoloji mühitə mənfi təsir göstərir və havanın çirklənməsinə səbəb olur”.
Elnur Fərzəliyev qeyd edib ki, yaxın gələcəkdə yeni inşa olunan çoxmənzilli yaşayış binalarında qaz xətlərinin çəkilişi mərhələli şəkildə dayandırılacaq:
“Bu binalarda isitmə sistemlərinin elektrik enerjisi hesabına həyata keçirilməsi, eləcə də paytaxtın müxtəlif ərazilərində mərkəzləşdirilmiş qazanxanaların tikilməsi nəzərdə tutulur. Bu qazanxanalar vasitəsilə həm isti su, həm də mərkəzi istilik sistemi təmin ediləcək ki, bu da ekoloji baxımdan daha təhlükəsizdir”.
Ekspert dünya təcrübəsinə də toxunaraq bildirib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində artıq çoxmənzilli binalarda qazdan istifadə edilmir:
“Bir çox ölkələrdə mənzillərin isitmə və soyutma sistemləri tamamilə elektrik enerjisi üzərindən qurulub, mərkəzi istilik sistemləri və alternativ enerji mənbələri geniş tətbiq olunur”.
Onun sözlərinə görə, günəş panellərindən istifadə artıq qlobal tendensiyaya çevrilib və bu təcrübənin Azərbaycanda da yaxın illərdə, xüsusən böyük şəhərlərdə tətbiqi gözlənilir:
“Günəş panelləri vasitəsilə həm ekoloji baxımdan havanın təmizlənməsinə töhfə vermək, həm də vətəndaşların elektrik və qaz xərclərini minimuma endirmək mümkündür”.
Ətraflı videomaterialda:
Samir Məcid












