!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibə Qafarova AŞ-yə üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanladı 

!Reklam – Yazi

Yanvarın 26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan nümayəndə heyətinin AŞPA-nın qış sessiyası zamanı üzləşdiyi əsassız ittihamlar barədə Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb.

Milli Məclisdən Yenicag.az-a verilən məlumata görə, məktubda Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin mahiyyətinə toxunulur. Bildirilir ki, Azərbaycan Respublikası 2001-ci ildə ölkədə insan hüquqlarını və qanunun aliliyini daha yaxşı təbliğ etmək və müdafiə etmək niyyəti ilə Avropa Şurasına üzv olmuşdur. Ölkəmizin fundamental insan hüquqlarının və qanunun aliliyinin müdafiəsi üçün yaradılmış bu qurumla dialoq və əməkdaşlıq vasitəsilə üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək istiqamətində göstərdiyi səylər diqqətə çatdırılır.

Qeyd olunur ki, bu müddət ərzində ölkəmizin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına, bu ərazilərdə aparılan etnik təmizləmə siyasətinə, yüz minlərlə azərbaycanlı qaçqın və məcbur köçkünün pozulmuş hüquqlarına Avropa Şurasının biganə qalmayacağına dair gözləntiləri puç olmuşdur. Azərbaycan hər zaman regionumuzda davamlı sülhə nail olmaq üçün Avropa Şurası və onun qurumlarının köməyi və dəstəyi ilə ədalətin siyasi mülahizələrə qələbə çalaraq üstün olacağına ümid edib. Məhz Azərbaycan öz ərazilərinin 30 ilə yaxın davam edən işğalına baxmayaraq, münaqişənin sülh yolu ilə həlli prosesində iştirak etməyə davam etməklə bu istiqamətdə səylərini əsirgəməyib, eyni zamanda Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə böyük əhəmiyyət verib.

Məktubun mətnində bildirilir ki, bu gün təcavüzkarla qurbana münasibətdə süni tarazlığın mövcud olduğu Avropa Şurasında fundamental dəyərlərin tənəzzülü təəssüf doğurur. Eyni zamanda, azərbaycanlıların etnik təmizləmə siyasətinin qurbanı olması, onların əsas hüquqlarının pozulması faktına qurum çərçivəsində uzun illər ərzində göz yumulub, bu məsələ ilə bağlı Azərbaycanla müxtəlif səviyyələrdə əsaslı dialoqdan yayınılıb.

Qeyd olunur ki, bu yanaşmaya rəğmən, Azərbaycan hər zaman Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvləri və müxtəlif qruplaşmalardan gələn qərəzli və əsassız təzyiqlərə qarşı mübarizə aparıb. Məktubda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu dəfə də parlament nümayəndə heyətimizin AŞPA-dakı səlahiyyətlərinin “əsaslı” səbəblərdən mübahisələndirilməsi kimi növbəti riyakar kampaniya ilə üzləşdiyi bildirilir. Qeyd olunur ki, göstərilən səbəblər həqiqəti əks etdirmir, heç bir əsası yoxdur.

Eyni zamanda, bildirilir ki, bu addım Azərbaycanın Avropa Şurası və onun qurumları ilə indiyə qədər həyata keçirdiyi əməkdaşlığa, habelə son razılaşmalara da kölgə salır. Ölkəmiz Avropa Şurasına üzv olduğu vaxtdan qurumun 65-ə yaxın sazişinə qoşulmuş, insan hüquqlarının bərabər şərtlərlə daha səmərəli müdafiəsi üçün milli qanunvericiliyini Avropa Şurasının standartlarına uyğunlaşdırmışdır. Azərbaycan təşkilatın qurumları ilə sıx əməkdaşlıq edir. Məktubda bundan başqa, ölkəmizin Avropa Şurası ilə insan alverinə və məişət zorakılığına qarşı mübarizə, habelə uşaqların müdafiəsi sahələrində də əməkdaşlığı qeyd olunub. Azərbaycanın Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyətlərarası dialoqun təşviqi üzrə Bakı Prosesi kimi tanınan ilk əməkdaşlıq platformasının təşəbbüskarı olduğu bildirilib.

Məktubda nəzərə çatdırılır ki, parlament nümayəndə heyətimizin səlahiyyətlərinin Azərbaycanın qurumla əməkdaşlığı çərçivəsində, Avropa Şurasının insan hüquqları üzrə komissarının və baş katibinin ölkəmizə yüksək səviyyəli səfərlərinin, eləcə də milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyasının məşvərət komitəsi ilə davam edən əməkdaşlığı fonunda mübahisələndirilməsi faktı iddianın əsassız, siyasi motivli və qərəz xarakterli olduğunun sübutudur. AŞPA üzvləri tərəfindən Azərbaycana qarşı irəli sürülən ittihamlar digər beynəlxalq qurumların, əsasən də bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa Şurasının təmsilçilərinin birbaşa müşahidələrini və gəldikləri nəticələri əks etdirmir.

Məktubda vurğulanır ki, qeyd olunan faktları və AŞPA-nın bəzi üzvlərinin mövqeyini nəzərdən keçirdikdən sonra biz bu addımı qətiyyətlə rədd edirik. Azərbaycana qarşı qeyd olunan son dərəcə məsuliyyətsiz davranışa etiraz olaraq Azərbaycan Respublikası Milli Məclisinin Parlament Assambleyasında iştirakını dayandırmaqdan başqa çarəsi qalmamışdır. Bu akt bütövlükdə Azərbaycana qarşı qərəzli və ikili standartların açıq təzahürüdür, eyni zamanda Assambleyanın və bütövlükdə Şuranın nüfuzuna ciddi zərbədir.

Bildirilib ki, bu münasibət Azərbaycan nümayəndə heyətinin AŞPA ilə qarşılıqlı əməkdaşlığını qeyri-mümkün edir və bununla da müxtəlif ölkələrdən olan parlamentarilər arasında dialoq platforması kimi xidmət etmək üçün nəzərdə tutulan bu orqanın əsas məqsəd və məramını pozur. Təəssüf ki, bu vəziyyət Avropa Şurasının bölgəmizlə əlaqəli məsələlərdən, o cümlədən təşkilatın mandatı ilə birbaşa bağlı olan fəaliyyətlərdən daha da təcrid olunmasına səbəb olacaq.

Məktubun sonunda bildirilir ki, AŞPA-da müxtəlif mexanizmlərdən siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə yönəlmiş belə tendensiya onun qərəzsizliyini və inklüzivliyini təhdid edir və belə davam edəcəyi təqdirdə Avropa Şurasının bütün fəaliyyətinin tam siyasiləşməsi və qütbləşməsi ilə nəticələnəcək.

COP29

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv