Şahmatçımız Qətərdə qələbə qazanıb
Qətərin paytaxtı Doha şəhərində keçirilən “Qətər Masters Open 2014” beynəlxalq şahmat turnirində 2-ci turun görüşləri keçirilib.
Ölkəmizi bu turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Qədir Hüseynov, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova təmsil edirlər.
İkinci turda qara fiqurlarla mübarizə aparan təmsilçilərimizdən Günay Məmmədzadə özündən cox güclü rəqibi, İranın kişilərdən ibarət milli komandasının 1 nömrəli şahmatçısı, beynəlxalq qrossmeyster Maghami Ehsan Qaem üzərində qələbə qazanıb.
Rauf Məmmədov İsveçrə təmsilçisi Erik Hedmanı məğlub edib. Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Eltac Səfərli, Vasif Durarbəyli və Zeynəb Məmmədyarova isə 2-ci turda xalları yarı bölüblər.
Xatırladaq ki, turnirdə Azərbaycan da daxil olmaqla 40-dək ölkədən 154 şahmatçı (111 beynəlxalq qrossmeyster) iştirak edir.İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarış dekabrın 05-də başa çatacaq. Turnirin ümumi mükafat fondu 100 000 avrodur.
(gun.az)