"Sakitlik aldadıcıdır" – Heydər Oğuzdan Naxçıvandakı dron təxribatı ilə bağlı AÇIQLAMA
“Hücumun olmaması o demək deyil ki, məsələ bağlanıb”
Bunu Yenicag.az-a açıqlamasında Naxçıvandan tanınmış jurnalist Heydər Oğuz deyib.
O, martın 5-i İrandan Naxçıvan ərazisinə gəlib partlayışlar törədən dronlardan sonra hazırki vəziyyətin necə olduğunu açıqlayıb.
H.Oğuz bildirib ki, Naxçıvanda hazırda sakitlikdir, hər hansı ciddi problem yoxdur.
“Dünən müəyyən gərginlik var idi, lakin onu da aradan qaldıra bildik. İndi əsas məsələ həmin hadisənin nəticələrinin aradan qaldırılması və dronların hansı istiqamətdən buraxıldığının müəyyənləşdirilməsidir.
Prezident də dünənki çıxışında Azərbaycanın mövqeyini və tələblərini açıq şəkildə ifadə etdi. Qeyd etdi ki, bizdən üzr istənilməlidir və bu təxribatı törədənlər cəzalandırılmalıdır.
Hesab edirəm ki, bu, yalnız Azərbaycana sərf edən mövqe deyil, eyni zamanda İran üçün də vacib olmalıdır. Çünki belə təxribatları törədən qüvvələr əslində İranın özünə qarşı da böyük təxribat törədir, ölkənin təməllərini sarsıtmağa çalışırlar. Yəni bu, təkcə Azərbaycana qarşı yönəlmiş təxribat kimi qiymətləndirilməməlidir.
Düşünürəm ki, Azərbaycan bu istiqamətdə istintaq aparmalı, öz araşdırmalarının nəticələrini və gəldiyi qənaətləri ortaya qoyaraq İran tərəfinə təqdim etməlidir. Güman edirəm ki, bu istiqamətdə müvafiq işlər görüləcək.
Hazırda vəziyyət sakitdir və əvvəlki kimi Naxçıvana hər hansı hücum müşahidə olunmur. Lakin hücumun olmaması o demək deyil ki, məsələ bağlanıb. Bu hadisə mütləq şəkildə araşdırılmalı, arxasında duran məqsədlər müəyyən edilməli və müvafiq tədbirlər görülməlidir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













