Sanksiyaların məngənəsindəki RUSİYA: Moskva okeanlardan sıxışdırılır - TƏHLİL
ABŞ sanksiyaları səbəbindən Rusiyanın Şimal Buzlu okeanı vasitəsilə neft daşımaları getdikcə daha çox gecikmələrlə üzləşir. Bu, tədbirlərin Moskvanın enerji ticarətinə necə maneələr yaratdığının yeni nümunəsidir.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg”in təhlil məqaləsində qeyd olunub.
Bildirilib ki, tanker gəmiləri bu il keçən illə müqayisədə Rusiyanın Şimal Buzlu okean və Baltik dənizi limanlarından Şimal Dəniz Marşrutu ilə Çinin şimalına xam neft çatdırmaq üçün, demək olar ki, üç həftə daha çox vaxt sərf edib. Bu il yüklənmədən boşaldılmaya qədər orta səfər təxminən yeddi həftə davam edib, bir neçə gəmi isə hələ də çatdırılmanı başa vurmayıb. İstifadə olunan bütün gəmilər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin sanksiyaları altındadır.
Qeyd olunub ki, səfər müddətlərindəki artım Süveyş kanalından keçən marşrutlarla müqayisədə daha kəskindir. Çünki həmin daşımaların çoxu ABŞ tərəfindən hədəfə alınmamış gəmilərlə həyata keçirilir.
Bildirilib ki, bu tıxaclar ABŞ tədbirlərinin Rusiyanın neft ticarətini çətinləşdirdiyini, lakin tam dayandırmadığını göstərir.
“Bloomberg”in tanker izləmə məlumatlarına görə, son həftələrdə Rusiyanın dəniz yolu ilə xam neft ixracı azalıb. Beynəlxalq Enerji Agentliyi isə cümə axşamı bildirib ki, ABŞ sanksiyaları ölkənin hasilat perspektivləri üçün “əhəmiyyətli mənfi risk” yaradır.
“Keçən ay Vaşinqton Rusiyanın iki ən böyük istehsalçısını qara siyahıya saldı. Bu, axınların təxminən 70%-ni və çoxlu sayda tanker gəmilərini əhatə edən ixracatçıların indi sanksiya altında olması deməkdir”, – nəşr yazıb.
Rusiyanın Şimal Buzlu okean sahili boyunca uzanan Şimal Dəniz Marşrutu Çinin şimalına Süveyş kanalı ilə normal səfərdən daha sürətli çatdırılma imkanı verməlidir. Bu marşrut Murmanskdan səfərin uzunluğunu, demək olar ki, yarıya endirir və Baltik limanları – Primorsk və Ust-Luqadan məsafəni 30% azaldır.
Gecikmələr və yük dəyişmələrinin ABŞ sanksiyaları altında olan az sayda gəminin Rusiyanın Sakit okeandakı Kozmino limanında xam neft yükləməsi zamanı yaşananlarla oxşar olduğu bildirilib və qeyd olunub ki, nəticədə bütün yüklər sonda Çin limanlarında boşaldılır.












